Vüqar Rəhimzadə: \"\"Eurovision\"a Azərbaycanın ev sahibliyi etməsi bizim mədəni, siyasi nailiyyətimizdir\" - MÜSAHİBƏ

Vüqar Rəhimzadə: \"\"Eurovision\"a Azərbaycanın ev sahibliyi etməsi bizim mədəni, siyasi nailiyyətimizdir\" - MÜSAHİBƏ

\"Eurovision-2012\" mahnı müsabiqəsinin başlanmasına 1 aydan az vaxt qalıb. Bu ərəfədə Azərbaycan əleyhinə bəzi ölkələrin mətbuatında bir sıra həqiqətə bənzəri olmayan fikirlər səsləndirilir. Dünya mətbuatında baş verənlərin səbəblərini araşdırmaq istədikdə, heç öz daxilimizdəki bəzi qüvvələrin də fərqli olmadığını görürük. Belə ki, çıxışları və fikirləri ilə düşmən mövqeyini xatırladan bəzi müxalif qüvvələrin məlumatları sadəcə, Azərbaycanın dünyaya yanlış təqdim edilməsinə hesablanıb. Bütün bu məsələlərlə bağlı Səs Tv-də yayımlanan "Gündəm" verilişinin qonaqları "İki Sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının Reket jurnalistlərə qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə və Mətbuat Şurasının şikayətlər komissiyasının sədri Müşviq Ələsgərli cavablandırıb.


- \"Eurovision\" mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda hökm sürən ictimai-siyasi vəziyyətlə bağlı nə deyə bilərsiniz?

Vüqar Rəhimzadə:

- İlk olaraq qeyd etmək istərdim ki, hazırda Azərbaycanda bayram əhval-ruhiyyəsi yaşanır. Dünyada böyük əhəmiyyətə malik olan belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi son dərəcə əlamətdar hadisədir. Çoxları tərəfindən başqa cür qarşılansa belə, bu tədbir dünyanın Azərbaycana olan diqqətinin göstəricisidir. Ölkəmizdə gedən ictimai-siyasi proseslərə gəldikdə isə, bu gün Azərbaycanda kifayət qədər münbit ictimai-siyasi sabitlik hökm sürür. Belə bir beynəlxalq müsabiqənin ölkəmizdə keçirilməsi də buna sübutdur. \"Eurovision\" mahnı müsabiqəsinə Azərbaycanın ev sahibliyi etməsi ölkə tarixində misli görünməmiş hadisələrdən biridir. Bu bizim həm tarixi uğurumuz, həm mədəni, siyasi nailiyyətimizdir. Təəssüf ki, bu cür mədəniyyət hadisəsinin bəzən siyasiləşdirilməsi kimi hallarla da rastlaşırıq və bunu birmənalı şəkildə dəstəkləmirik. Çünki hər kəs bu müsabiqənin əhəmiyyətini dərk etməli və buna uyğun çərçivədə davranmalıdır. Mədəniyyət sahəsində əldə etdiyimiz bu uğura görə, mən bütün Azərbaycan xalqını, dövlətimizi, ictimaiyyətimizi səmimi qəlbdən təbrik edirəm. Bu uğur bütün xalqımızın uğurudur. Eyni zamanda bütün uğurlarımız Azərbaycanın bir dövlət kimi qüvvətlənməsindən və dünya birliyində öz layiqli yerini tutmasından xəbər verən amillərdir.


Müşviq Ələsgərli:

- Cəmiyyətimiz bir sıra sferalardan ibarət olsa da, mən ilk olaraq ümumi dəyərləndirmək istərdim. Belə ki, nikbinlik doğuran ən önəmli amil müsabiqənin keçirilməsində cavabdehlik daşıyan qurumların bu müsabiqəyə hazır olmasıdır. Bu müsabiqə ilə məşğul olan dövlət strukturları, Azərbaycanın milli elitası, media qurumları kifayət qədər ciddi tədbirlər həyata keçirirlər və artıq demək olar ki, hazırlıqlar tam başa çatmaq üzrədir. Televiziyalarda ölkəmizdəki hazırlıq işləri ilə bağlı kifayət qədər məlumat verilir və bütün bunlara əsaslanaraq milli ictimaiyyətimizin bu müsabiqəyə tam hazır olduğunu deyə bilərəm. Azərbaycan xalqı bu məsuliyyətli nailiyyətin öhdəsindən layiqincə gələcək və müsabiqə öz simamızı dünyaya çatdırmağımıza kömək edəcək. Digər tərəfdən isə Eurovision özlüyündə çox əhəmiyyətli hadisədir. Bildiyimiz kimi, postsovet məkanında Rusiya istisna olmaqla, başqa ölkələrdə keçirilməyən bu müsabiqənin indi Azərbaycanda keçirilməsi, ölkəmizin belə bir məsuliyyəti öz üzərində götürməsi çox dərin mənaları ifadə edir. Bu fakt Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər keçirmək imkanına sahib olduğunu göstərir. Cəmiyyətin aparıcı hissələrinin, dövlət nümayəndələrinin bu məsələyə hazır olduğu göz qabağında olsa da, təbii ki, bayaq da qeyd etdiyimiz kimi, cəmiyyət müxtəlif sferalardan ibarətdir. Məsələn, bu uğurumuzu ləkələməyə, gözdən salmağa çalışan həm yerli qüvvələr, həm də bir sıra xarici təşkilatlar mövcuddur. Lakin biz bütün bunların qarşısının alınması üçün gərəkli tədbirlər həyata keçiririk. Mətbuat Şurası, Qeyri Hökumət Təşkilatları və bir sıra digər qurumlar ölkəmizdə gedən proseslərin aydın işıqlandırılması üçün lazımi tədbirləri görürlər.


- Bəzi xarici mətbuat orqanlarında Azərbaycanın müsabiqəyə hazır olmaması ilə bağlı qərəzli fikirlər səsləndirilir. Sizcə, burada əsas məqsəd nədir?

Vüqar Rəhimzadə:

- İlk olaraq bir məsələni qeyd edim ki, bu müsabiqə yüksək səviyyədə hazırlanıb və uğurla da başa çatdırılacaq. Azərbaycanın iqtisadiyyatı, uğurla həyata keçirilən daxili və xarici siyasəti, eyni zamanda bir sıra amillər ölkəmizin regional deyil, beynəlxalq layihələrə ev sahibliyi etməyə hazır olduğunu sübut edir. Tarixən ölkəmiz imza atdığı bütün məsuliyyətlərin öhdəsindən layiqincə gəlib və bu da növbəti uğurumuzda bir daha özünü təstiqləmiş olacaq. Azərbaycan bu gün bütün sahələrdə dinamik inkişafı ilə seçilən ölkədir. Ona görə də, uğurlarımızı, nailiyyətlərimizi qısqanan, bunun qarşısını müxtəlif manelərlə almağa çalışan bir sıra dövlətlər mövcuddur. Təəssüf hissi ilə qeyd etməliyəm ki, burada həm xarici, həm də daxili qüvvələrin rolu var. Beynəlxalq aləmdə rastlaşdığımız qısqanc münasibət bəlkə də normal qəbul oluna bilər, lakin öz daxilimizdə belə halların baş verməsi təbii ki, təəssüf hissi doğurur və bu əmələ qol qoyanların heç birinə başucalığı gətirmir. Fikir versəniz görərsiniz ki, bu cür insanlar şəxsi maraqlarını dövlət maraqlarından üstün tutanlardır. Ona görə də bu insanlar ölkəmizin uğurlarını öz uğurları kimi görə bilmirlər. Onlar üçün Azərbaycanın nailiyyətləri faydasız və mənasızdır. Onlar sadəcə özlərinə sərf edəni etməyə çalışır, sərf etməyənlər isə dövlətin milli maraqlarını ifadə edən həqiqət də olsa, qarşısını almağa can atırlar. Azərbaycanın müxalifətyönlü qəzetlərinə nəzər saldıqda burada "Azadlıq" qəzetinin adını xüsusilə qeyd etmək istərdim. Bu qəzet aqressiv və düşmən mövqeli çıxışları ilə bir növ Azərbaycanın uğurlarını qısqanan dövlətlərin, əsas da düşmən Ermənistanın dəyirmanına su tökür. Bu cür addımlarla çirkin niyyətlərini həyata keçirməyə çalışan müxalifət nümayəndələri bilməlidirlər ki, bu absurd niyyətlərdir. Lakin müxalifətin bu cür məslələrə şərait yaratması, hansısa xarici təşkilatlardan gələn qrant hesabına dövlət maraqlarını öz şəxsi maraqlarına satmaları olduqca ürək ağrıdan və nifrət hissi oyadan hadisədir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, onların niyyəti ürəklərində qalacaq, sadəcə, arzuları puç olacaq. Bu günə qədər müxalifət Azərbaycanda yalnız özünün uğursuzluğuna imza ata bilib, yəni ölkəmizin gözdən salınması üçün əllərindən gələni etsələr də bu hər zaman iflasa uğrayıb və belə də qalacaq. Azərbaycan cəmiyyəti bu gün ölkəmizdə gedən bütün ictimai-siyasi prosesləri, eyni zamanda ölkə başçısının yeritdiyi uğurlu siyasəti dəstəkləyir və sağlam cəmiyyətin formalaşmasında yaxından iştirak edirlər. Bəd niyyətli insanların, cəmiyyətimizin ictimai rəyini dəyişdirməyə çalışanların, Azərbaycanı dünya ölkələrinin gözündə yanlış təqdim etməyə çalışanların niyyətləri isə hər zaman olduğu kimi, bundan sonra da ürəklərində qalacaq.


- BBC kanalında \"Eurovision-2012\" mahnı müsabiqəsi ilə bağlı silsilə verilişlər yayımlanır. Burada Azərbaycan əleyhinə bir sıra məlumatlar və təbliğatlar səsləndirilir. Sizcə bütün bunlar nəyə işarədir?

Müşviq Ələsgərli:

- Təbii ki, bu gün dünyada ictimai rəyin formalaşmasında yaxından iştirak edən bir sıra transmilli korporasiyalar mövcuddur. Bəli BBC ilə bağlı verdiyiniz sual hazırda gündəmi məşğul edən məsələlər sırasındadır. Lakin mən ilk olaraq qeyd etmək istərdim ki, bunu məhz BBC-nin Azərbaycana qarşı apardığı kampaniya kimi qiymətləndirmək lazım deyil. Çünki bir sıra tarixi hadisələrə nəzər yetirsək rahatlıqla görərik ki, bu transmilli korporasiya yalnış informasiyalara söykənərək dəfələrlə həqiqətdən kənar məlumatlar yayımlayıb. Məsələn, 2000-ci illərdə İraqda xüsusi kəşfiyyat orqanları tərəfindən kimyəvi silahların tapılması ilə bağlı xəbər yayan BBC-nin bu yanlış məlumatı bu günə qədər də qalmaqal yaratmaqda davam edir. Digər bir misal yenə BBC kanalının ictimai rəyi çaşdırması ilə bağlıdır. Yaxın keçmişdə Liviyada baş verən hadisələr zamanı həmin transmilli korporasiya Liviyada kütləvi məzarlıqların olması ilə bağlı xəbərlər yaymışdı. Lakin artıq Liviyada hakimiyyət devrilib və hadisələr demək olar ki, başa çatıb, belə bir məzarlıq isə tapılmayıb. Yenə məlum olur ki, BBC kanalı ictimai rəyi çaşdırır və bəzən yalnış informasiyalar yayır. Sayı onlarla olan bu cür misalların sırasına indi də bizim ölkəmizin adı daxil edilmək üzrədir. BBC kanalı bu gün Azərbaycan haqqında yalnış kampaniya aparır. Lakin \"Eurovision\" qabağı belə bir kompaniyanın onlara qazandıracağı heç nə olmayacaq. Çünki insanlar bütün həqiqətləri öz gözləri ilə gəlib görəcəklər. Lakin burada yenə məsuliyyət Azərbaycan cəmiyyətinin üzərinə düşür. Belə ki, biz bir cəmiyyət olaraq bütöv formada öz simamızı təqdim etməyə çalışmalıyıq. Bu prosesdə də bizə mane olmaq istəyən daxili qüvvələrin qarşısını almaq üçün əlimizdən gələni etməli, onları ictimai qınaq obyektinə çevirərək bu məsələdən kənarlaşdırmalıyıq.


- Azərbaycan müxalifətinin belə bir ərəfədə ölkəmizin maraqlarına zidd çıxışlar etməsində nə məqsəd güdülür? Onlar Azərbaycanda söz azadlığının olmadığını iddia edirlər. Söz azadlığı olmadığındanmı müxalifət nümayəndələri ermənilərin informasiya mənbəyinə çevrilib?

Vüqar Rəhimzadə:

- İlk olaraq qeyd edim ki, Azərbaycanda söz azadlığı model olaraq bir çox dünya ölkələrinə nümunə göstərilə bilər. Bu gün Azərbaycan mətbuatının inkişaf etdirilməsi üçün dövlət tərəfindən təqdirəlayiq addımlar atılır və bütün bunlar göz qabağında baş verir. 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının hazırlanması və 2009-cu ildə həmin Fondun yaradılması bütövlükdə Azərbaycan mətbuatının inkişafına ciddi təsir edib. Bu gün Azərbaycanda jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, peşəkarlıqlarının artırılmasında bir sıra addımlar atılır. Ona görə də bu gün Azərbaycan mətbuatında söz azadlığını müzakirə etmək heç bir düşüncəyə sığmır. Bu gün Azərbaycanda söz azadlığının olmadığını iddia edənlərə demək lazımdır ki, söz azadlığı olmasa mətbuatda bu cür radikal fikirlər səsləndirilə bilərmi? Qətiyyən yox! Ona görə də həmin insanların bu cür çıxışlar edərək çərçivəni bu qədər keçməsi sadəcə onların milli hisslərində olan problemlə əlaqəlidir. Azərbaycanda bu cür insanların olduğu bir faktdır və onlar milli hisslərdən uzaq olan insanlardır. Azərbaycan dövlətinin qüdrətlənməsindən, uğurlarından narahat olan belə şəxsləri sadəcə anti-milli qüvvələr adlandırmaq lazımdır. Mən bütün xalqımızın bu insanlara qarşı mübarizə aparmasının tərəfdarıyam. Düşünürəm ki, bu anti-milli qüvvələrə qarşı hər bir Azərbaycan vətəndaşı öz münasibətini göstərməli və belələrini ictimi qınağın hədəfi halına gətirməlidir. O insanlar birmənalı şəkildə öz yerlərini bilməlidirlər. Onlar sadəcə, milli vətənpərvərlik hisslərini itirmiş insanlardır. Onlar üçün vətən anlamı yoxdur. Ona görə də bu cür çıxışlar etmək onlar üçün problem deyil. Təsəvvür edin ki, bu gün erməni mətbuatında Azərbaycan müxalifətinin məlumatları yerləşdirilir. Bu, insanın vətənpərvərlik hisslərinə toxunur. Mən bir daha qeyd etmək istəyirəm ki, bu cür insanlar ictimaiyyətin qınağına tuş gəlməlidir. Onlar cəmiyyətdə bu cür fikirlər bildirmə şansından uzaqlaşdırılmalıdır.


Müşviq Ələsgərli:

- Təbii ki, Azərbaycan mətbuatında heç bir problem olmadığını iddia etmək doğru olmazdı. Azərbaycan inkişaf edən bir ölkədir və istənilən sahədə müxtəlif problemlərin yaşanması normal haldır. Problemlərimiz olmalıdır ki, bunu həll edərək inkişaf edək. Texnoloji, qanunvericilik baxımından dünyaya inteqrasiya prosesimizdə bir problem olduğunu düşünmürəm. Təbii ki, mətbuatımızda da bir sıra problemlər ola bilər. Lakin ən yaxşısı odur ki, bu gün Azərbaycanda mediaya özünütənzimləmə statusu verilib. Mövcud olan problemlər KİVDF, MŞ tərəfindən araşdırılır, tapılır və həllinə çalışılır. Bu gün bəzi problemlərin yaranmasının əsas səbəbi müəyyən qüvvələrin siyasi səriştəsizliyidir. Əgər hansısa bir partiya siyasət aləmində yüksək vəzifələr və nailiyyətlər qazanmaq iddiasındadırsa ilk olaraq öz siyasətini təsadüflər üzərində qurmamalıdır. Məsələn, bu gün Azərbaycanda \"Eurovision\" mahnı müsabiqəsi keçirilməsəydi, yəni biz keçən il qalib olmasaydıq və builki ev sahibliyi şansımız olmasaydı müxalifət nümayəndələri onda hansı üsullardan istifadə edəcəkdilər? Yəni \"Eurovision\"a bir fürsət kimi yanaşan müxalifət nümayəndələri 1 ay keçib müsabiqə başa çatanda nə iş görəcəklər? Çox maraqlıdır, müsabiqənin Azərbaycanda keçirilməsi müəyyənləşənə qədər müxalifət harada idi. Əslində dünyada qəbul olunmuş bir qayda var, siyasi partiyalar yalnız seçkilər zamanı aktivləşir, hüquqi şanslarından istifadə etməyə çalışırlar. Amma həmin partiya nümayəndələrinin məğlubiyyətləri ilə barışa bilmədiklərindən bu cür addımlar atmaları və təsadüfi kompaniyalar üzərindən siyasət qurmaları təbii ki, yanlış davranışdır və birmənalı şəkildə aradan qaldırılmalıdır. Eyni zamanda bu üsulla onlar dünyada Azərbaycan vətəndaşlarının vətənpərvərlik hissləri ilə bağlı da şübhə yaradırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə