ADU-da Hüseyn Cavidə həsr olunmuş tədbir keçirilib - FOTO

ADU-da Hüseyn Cavidə həsr olunmuş tədbir keçirilib - FOTO

Azərbaycan Dillər Universitetində (ADU) dahi şair və dramaturq Hüseyn Cavidin 130 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, tədbirdə ADU-nun tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov, tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, Bakı Dövlət Universitetinin professoru Vaqif Soltanlı, BDU-nun dosent Etibar Talıblı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) professoru Himalay Qasımov, ADPU-nun dosenti Ramin Əhmədov və tələbə-müəllim heyəti iştirak edirib. ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatının ədəbi simalarından olan H. Cavidin 130 illik yubileyi ilə bağlı sərəncam imzaladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. H. Cavidin Sibirdə olan məzarının Azərbaycana gətirilməsində böyük xidmətləri olan Ümummilli lider Heydər Əliyevin ədəbiyyata və ədəbi simalara xüsusi qayğı ilə yanaşdığını qeyd edib. Ümummilli liderin təşəbbüsü və dəstəyi ilə H. Cavidin Naxçıvanda məqbərəsinin inşa olunduğunu deyən Ə. Əliyev ədibin ev muzeyinin də yaradıldığını vurğulayıb.

"H. Cavid mühacirət ədəbiyyatşünaslığında" mövzusunda məruzə ilə çıxış edən BDU-nun professoru Vaqif Soltanlı dahi dramaturqun mühacirət ədəbi tənqid və ədəbiyyatşünaslığının son dərəcədə dəyər verdiyi və tədqiqatlar aparıldığı sənətkarlardan biri olduğundan danışıb. V. Soltanlı H. Cavidin yaradıcılığının mühacirət ədəbiyyatşünaslığının diqqət mərkəzində olduğunu deyib. O, görkəmli dramaturqun əsərlərinin milli məfkurənin formalaşmasında örnək olduğunu qeyd edib. Ədəbiyyatşünaslıq nümayəndələrinin dahi sənətkarın yaradıcılığı ilə bağlı dəyərli fikirlər söylədiyini və əsərlərinin təhlil edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. V. Soltanlı dahi şairin ana düşüncəsinə və türkçülük ideyasına xüsusilə yanaşdığına diqqət çəkib. Ədibin yaradıcılığı ilə bağlı bir sıra tədqiqatlar aparıldığına toxunan BDU-nun professoru onun əsərlərində toxunulan məsələlərdən sonrakı ədəbi simaların əsərlərində də bəhs olunduğunui söyləib.

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Dilbər Zeynalova isə çıxışında H. Cavidin yaradıcılığının əsas məqamlarına nəzər salıb. Ədibin romantizmindən danışan D. Zeynalova onun yaradıcılığını geniş təhlil edib. O, H. Cavidin əsərlərinin dünya ədəbiyyatının incilərindən heç də geri qalmadığının qeyd edib.

"H.Cavidin ucalığı: şəxsiyyət və yaradıcılıq bütövlüyü" mövzusunda məruzə edən BDU-nin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Etibar Talıblı görkəmli ədəbi simanın Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində rolundan söz açıb. E.Talıblı çıxışında H.Cavidin şəxsiyyətindən də bəhs edib. O, H.Cavidin Şərq romantizminin aparıcı nümayəndələrindən biri olduğunu bildirib. Dosent H. Cavidin milli səhnəmizdə yeni bir üslubun yaradıcısı olduğunu da sözlərinə əlavə edib.

Sonra məruzələr ətrafında ADPU-nun Azərbaycan ədəbiyyatı və dünya ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Himalay Qasımov, həmin kafedranın dosenti Ramin Əhmədov öz fikirlərini bildiriblər. Qeyd edək ki, çıxış edənlər məruzələrdə H. Cavid yaradıcılığının əsas məqamlarının verildiyini və ədiblə bağlı olan lazımi məlumatların yer aldığını vurğulayıblar.



Bütün xəbərlər Facebook səhifəmizdə