Gəncə şəhər İcra Hakimiyyətində hesabat müşavirəsi keçirilib - FOTO
Gəncə şəhər İcra Hakimiyyətində 2012-ci ilin birinci rübü ərzində Gəncə şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran işlərlə bağlı hesabat yığıncağı keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin bu ilin yanvarın 21-də Gəncəyə səfəri çərçivəsində şəhərdə aparılan geniş abadlıq-quruculuq işləri ilə tanış olması, bir sıra vacib tikililərin təməlqoyma mərasimində iştirakı və görülmüş işlərə yüksək qiymət verməsi, şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə söylədiyi fikirlər hamının yaddaşında dərin iz buraxıb, yüksək əhval-ruhiyyə yaradıb.
Ölkə başçısının Gəncə şəhərinin inkişafı barədə tarşırıq və tövsiyələri 2012-ci ildə də nəzərdə tutulan işlərin ana xəttini təşkil edir. O da qeyd olunub ki, 2012-ci ilin birinci rübündə gəncədə iqtisadiyyatın əsas sahələrində ümumi daxili məhsulun həcmi 122,3 milyon manata çatıb. Ümumi daxili məhsulun adambaşına düşən həcmi 39 faiz artaraq, 383,4 manat və ya 485,3 ABŞ dolları olub. Ümumi daxili məhsulun 67,8 faizini qeyri-dövlət bölməsi təşkil edib. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur. Ümumi daxili məhsulun 42,9 faizi sənayenin, 0,1 faizi kənd təsərrüfatının, 5,8 faizi tikinti-quraşdırma işlərinin, 15,1 faizi nəqliyyatın, 1,2 faizi informasiya və rabitə sahələrinin, 35,1 faizi ticarət və xidmət sahələrinin payına düşüb. 2012-ci ilin birinci rübündə şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13 faiz artaraq 247 manat təşkil edib. 2012-ci ilin birinci rübündə yüksək orta aylıq əmək haqqı iqtisadiyyatın maliyyə və sığorta bölməsində -853 manat, elektrik enerjisi və qaz təchizatında- 348,1 manat, emal sənayesində- 286,1 manat, təhsildə- 270,8 manat, tikinti kompleksində- 262,7 manat, tordan və pərakəndə ticarət, avtomobillərin təmiri bölməsində - 249,4 manat olub. Şəhərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin əsas istiqamətlərindən biri də şəhərdaxili yolların genişləndirilməsi, təmiri və yenidənqurulması ilə bağlıdır. Şəhərin Nizami, Həsən Əliyev prosrekti ilə P.Səmədov küçələrinin kəsişməsi, M.A.Abbaszadə, 28 May küçələri genişləndirilməklə yanaşı, səkiləri düzəldilir, tikililərin milli ornamentləri bərra olunur, işıq sistemləri yenilənir. F.Əliyev küçəsinin H.Əliyev prospekti ilə, V.Xuluflu küçəsinin Ş.İ.Xətai prospekti ilə kəsişməsinə qədər olan 6,5 km uzunluğunda yolun yenidənqurulması işləri davam etdirilir.
Şəhərin prospekt və küçələrində, meydan və parklarında 218 müasir tipli işıq dayaqları quraşdırılıb. Müxtəlif məhəllədaxili ərazilərdə yaşayanların arzuları və müraciətləri nəzərə alınaraq mikrorayonlarda və yaşayış massivlərində abadlıq, işləri davam etdirilir.
Heydər Əliyev və Nizami prospektlərində, M.Abbaszadə, 28 May və Sənaye zonasının bəzi küçələrində 8 min 660 r/metr mozaika və qranit səki daşları quraşdırılıb. İlin əvvəlindən Nizami, N.Nərimanov prospektlərində, həmçinin M.A.Abbaszadə küçəsində 3 min 900 kv metrdən çox sahəyə tamet döşənib. Şəhərə giriş avtomobil yolları genişləndirilib, yaşıllıqların salınması, yeni müasir obyektlərin tikinti işləri davam etdirilir. Şəhər ərazisində müəyyən edilmiş 800-dən artıq tarixi tikililər ardıcıllıqla təmir və bərpa olunur. Ümumilikdə 2012-ci ilin 3 ayını Gəncə üçün uğurlu saymaq olar.
Qeyd edək ki, tədbirin davamında gəncənin baş rəssamı Şərif Şərifova Rusiya rəssamlar akademiyasının fəxri üzvlük diplomu və medalı təqdim olunub.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB