Yerevanda "Qabbnakşin" tikinti şirkətinin fırıldaqlarına aldanan 50 mənzilin sahibi prezident Serj Sarkisyanın iqamətgahı qarşısında aclıq aksiyası keçirir. "Armenia Today" xəbər verir ki, aldadılmış vətəndaşlar mənzilə görə verdikləri vəsaitin geri qaytarılmasını tələb edirlər. Etirazçılar pullarını almayanadək aksiyanı davam etdirəcəklərini bildiriblər. Amma onlar yalnız prezident iqamətgahının qarşısında qalmaqla kifayətlənməyəcəklər. Aclıq edənlərin sözlərinə görə, S.Sarkisyan ölkə daxilində hara səfər etsə, onlar da "həmin bölgələrə gedərək prezidentin daim gözünə görünməyə çalışacaqlar".
Məlumata görə, aksiyaçılara adı çəkilən şirkətin onlarla fəhləsi də qoşulub. Onlar aylarla ala bilmədikləri əməkhaqqının ödənilməsini istəyir.
Fırıqdaqçıların qurbannı olmuş vətəndaşlar "Reketçiliyə son qoyulsun!", "Kimə inanaq?" yazılmış plakatlardan istifadə ediblər.
"Qabbnakşin" şirkətinin rəhbəri Qaqiq Papoyan isə fırıldaqda ittiham olunaraq barəsində axtarış elan olunub. Bu yaxınlarda isə o, həbs edilərək istintaq orqanlarına təvhil verilib. Buna baxmayaraq aldadılmış şəxslər hesab edirlər ki, fırıldaqların arxasında Ermənistanın yüksək vəzifəli şəxsləri dayanır və onlar Qaqiq Papoyanı himayə edirlər.
"REGNUM" agentliyi isə xəbər verir ki, qalmaqalla bağlı artıq dövlət komissiyası yaradılıb. Ancaq aksiyaçılar bunun əhəmiyyətsiz olduğunu bildiriblər.
Xatırladaq ki, Ermənistan Milli Konqresinin sədri, keçmiş prezident Levon Ter-Petrosyan ötən həftə keçirdikləri mitinqdə Serj Sarkisyan hakimiyyətini kəskin tənqid etmişdi. Eks-prezidentin sözlərinə görə, S.Sarkisyan hakimiyyətinin bir cinayəti də ondan ibarətdir ki, ölkənin vətəndaşları müdafiəsizdir, insanların problemi yarananda onlar polisə və məhkəmələrə müraciət etməkdən imtina edirlər. Çünki polis də, məhkəmə də cinayətkarlarla əlbirdi və sonda şikayət edənin özünü həbsxanaya atırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB