Sürücülər radara və videokameralara düşməsi barədə məlumatları SMS vasitəsilə öyrənəcəklər

Sürücülər radara və videokameralara düşməsi barədə məlumatları SMS vasitəsilə öyrənəcəklər
Bakıda radara və kameralara düşən sürücülər üçün yenilik tətbiq olunacaq. SİA-nın verdiyi xəbərə görə, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, paytaxt ərazisində radara və videokameralara düşən sürücülərə məlumatların daha operativ verilməsi məqsədilə SMS xidmətindən istifadə olunması üçün idarə mobil operatorlarla danışıqlara başlayıb. "Yol hərəkəti qaydalarını pozaraq radara və videokameralara düşən sürücülərə çağırış vərəqələrinin vaxtında çatdırılmasında müəyyən problemlər yaranır. Belə ki, sürücülərin qeydiyyat ünvanlarına çağırış vərəqələri göndərilərkən həmin ünvandakı evlərin söküldüyü, yaxud da sürücülərin yaşayış yerlərini dəyişdikləri məlum olur və bu səbəbdən də qayda pozan sürücüləri bu barədə operativ məlumatlandırmaq mümkün olmur. Bu səbəbdən də vətəndaşlar arasında müəyyən narazılıqlar yaranır", – deyə, V.Əsədov bildirib.

Şöbə rəisi əlavə edib ki, BŞDPİ yaranmış problemin həlli məqsədilə bütün operatorlarla yeni SMS xidmətinin göstərilməsi üzrə danışıqlara başlayıb: "Yeni xidmət fəaliyyətə başlayandan sonra radara və kameralara düşən sürücülər mobil telefonlarına göndəriləcək SMS-lər vasitəsilə məlumatlandırılacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə