Aydın Hüseynov: \"Azərbaycanda neft potensialı insan potensialı ilə əvəz olunur\"-MÜSAHİBƏ (Səs TV)

Aydın Hüseynov: \"Azərbaycanda neft potensialı insan potensialı ilə əvəz olunur\"-MÜSAHİBƏ (Səs TV)

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə rüb ərzində iqtisadi sahədə əldə edilənlərlə bağlı dövlət başçısının çıxışını iqtisadçı Aydın Hüseynov dəyərləndirib.

- Dövlət başçısının müşavirədə rübün iqtisadi yekunları ilə bağlı çıxışına münasibətiniz?

-Artıq bir neçə ildir ki, həm il, həm də rüb sonlarında ölkə başçısının sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir. 2011-ci ilin sonunda ölkə başçısının sədrliyi ilə ilin makroiqtisadi göstəriciləri və iqtisadiyyat sahəsində əldə olunan uğurların müzakirəsinə həsr olunan yığıncaq keçirilmişdi. Burada eyni zamanda qarşıda duran vəzifələrlə bağlı da çıxışlar səsləndirilmişdi. Artıq I rübün yekunlarına həsr olunan iclas keçirildi, rüb ərzində makroiqtisadi göstəricilər geniş təhlil edildi və qarşıda duran tələblərə toxunuldu. Biz Azərbaycan Respublikasında müstəqil iqtisadi siyasətin həyata keçirildiyinin bir daha şahidi olduq. Ölkəmizin fərqli dinamik inkişafına səbəb olan əsas amillərdən biri də məhz iqtisadi fəaliyyətimizin müstəqil formada həyata keçirilməsidir. Müstəqil dövlətin müstəqil iqtisadi siyasət həyata keçirməsi ölkənin həm iqtisadi qüdrətini, həm də siyasi nüfuzunu göstərir. Azərbaycan da belə qüdrəti ilə seçilən ölkələr sırasındadır və təbii ki, bu təqdirəlayiq hadisədir. Avropa ölkələrinin əksəriyyətində bu gün iqtisadi böhran yaşandığı heç kəsə sirr deyil. Əmək haqqları, büdcə vəsaitləri və digər məsələlərlə bağlı narahatlıq doğuran kifayət qədər amillər var. Bu isə insanların narazılığında özünü açıq-aydın göstərir. Bütün bunlarla müqayisədə Azərbaycanda makroiqtisadi sabitlik yüksək səviyyədədir. Ümumilikdə ölkəmizdə ilk rübün yekunlarının statistik göstəricilərinə əsasən ümumdaxili məhsul 0,5 faiz artıb. Bəzən belə görünə bilər ki, bu artım əvvəlki illərlə müqayisədə aşağıdır. Lakin bu əslində belə deyil. Çünki artıq əsas məqsədimiz müstəqil iqtisadi siyasət yeridərək iqtisadiyyatımızın neft amilindən asılılığını aradan qaldırmaqdır. Neft potensialını insan potensialı ilə əvəz etmək əsas qarşıda duran vəzifələrimiz sırasındadır. Qeyri-neft sektorunun inkişafı da bu məqsədimizi uğurla həyata keçirə bildiyimizdən xəbər verir. Statistik göstəricilərə əsasən bir rüb ərzində ümumdaxili məhsul 0,5 faiz artıb. Lakin ümumdaxili məhsulun içərisində isə qeyri neft setorunun payı 7,7 dəfə artıb. Bu isə olduqca yüksək göstəricidir. Sənaye məhsullarında isə 0,3 faiz artım müşahidə olunub. Lakin bu sahədə də qeyri-neft sektorunun payı 16,5 faizdir. Bütün bunlar da ölkə iqtisadiyyatının gələcəkdə daha da sürətlə inkişaf edəcəyinə zəmanət verən faktlarıdır. Bu gün dövlət büdcəmiz 20 milyard dollar, strateji valyuta ehtiyatımız 50 milyard dollardır. Bu rəqəmlər getdikcə daha da artacaq. Neft bizim milli sərvətimizdir və bu sahədən gələn gəlirlər düzgün formada istifadə edilir. Lakin neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da bu cür sürətlə inkişaf etdirilməsi gələcək iqtisadiyyatımızın hədəflərindən və nailiyyətlərimizdən xəbər verir. Bütün bu inkişafdan əldə edilən gəlirlər isə Azərbaycan xalqının sosial rifahının yaxşılaşdırılmasına və ölkəmizin siyasi, iqtisadi nüfuzunun möhkəmlənməsinə yönəlib. Təkcə birinci rüb ərzində ölkəmizdə 20 mini daimi olmaqla, 24 min iş yeri açılıb. Bununla yanaşı, əhalinin pul gəlirləri 14 faiz artıb.

- Sosial rifaha toxundunuz. Sizcə, iqtisadi inkişafın getdikcə sürətlənməsi gələcəkdə əmək haqqları və pensiyaların artırılmasına səbəb ola bilərmi?

-Təbii ki, iqtisadi inkişafımız artdıqca bu birbaşa özünü sosial rifahın yaxşılaşdırılmasında biruzə verir. Çünki ölkəmizdə gedən sürətli inkişaf əhalinin vəziyyətinin yüksəldilməsinə yönəlib. İqtisadiyyatımızdakı özgüvənin bariz nümunəsidir ki, əmanətlərin qaytarılması ilə bağlı dövlət başçısı fərman imzaladı. Artıq iyun ayından əmanətlərin qaytarılmasına başlanacaq. 2 milyon 400 min əmanətçinin vəsaitinin qaytarılması üçün isə büdcədən 1 milyard manat tələb olunub. 300 milyon manatın ayrılması üçün artıq Maliyyə Nazirliyi konkret təklif irəli sürüb. Bildiyiniz kimi, nazirliyin tərkibində bu məsələlərlə məşğul olunması üçün xüsusi komissiya yaradılıb və həmin komissiya əmanətlərlə bağlı məsələləri təhlil etməklə məşğuldur. Bütün bunlar da həmin məntiqə əsaslanır ki, iqtisadi gücümüz artdıqca ölkədə yaşayış vəziyyəti yaxşılaşır, sosial rifah daha da yüksəldilir.

- Aydın müəllim, ölkə başçısı çıxışında nəğdsiz ödənişlərə keçidlə bağlı da fikir bildirmişdi. Sizcə, Azərbaycanda nəğdsiz ödənişə keçidlə bağlı vəziyyət necədir?

-Artıq nəğdsiz ödəniş formalarına xeyli müddətdir ki, keçilib. Ödənişin bu formasının həyata keçirilməsi, ilk növbədə maliyyə nizam-intizamı deməkdir. Digər tərəfdən, bu həm inkişafın, həm də mədəniyyətin bir formasıdır. Məsələn, uzun illərdir alqı-satqı işlərinin nəğd üsulla həyata keçirildiyindən insanlar ciblərində pul gəzdirməyə adət ediblər. Müşavirədə də qeyd olunduğu kimi, artıq şəhərdə 20 minə yaxın post-terminallar quraşdırılıb. Həmin terminalların quraşdırılması təbii ki, məsələnin həlli demək deyil. Çünki cəmiyyət arasında bu üsuldan istifadənin vərdiş halına gətirilməsi də önəmlidir. Məsələn, dövlət müəssisələrində çalışanlar arasında belə problem yaşanmır. Yəni onlar konkret şəkildə bu üsula üstünlük verir və tətbiq etməkdə də hansısa çətinliklə üzləşmirlər. Nəğdsiz ödənişlər eyni zamanda təhlükəsizliyin də təminidir. Məsələn, insanlar üzərlərində nəğd pul saxladıqları zaman, bu hansısa formada müəyyən təhlükə yaranmasına əsas verə bilir. Yəni, pulun itməsi, oğurlanması kimi bir sıra halların mümkün olduğu hamımıza məlumdur. Bütün bunlardan əlavə də, gözlə görülən tərəflərlə yanaşı, görülməyən tərəflər də var. Məsələn, pulun nəğd formada hər gün müxtəlif yerlərdə olması həmin vəsaitin dövriyyədən kənarlaşdırılmasına da səbəb olur. Lakin pul plastik kart şəklində saxlanılarsa, kart şəxsin özündə, vəsait isə banklarda olur. Banklarda isə vəsaitləri müxtəlif istiqamətlərdə dövriyyəyə buraxmaq olur.

Bütün xəbərlər Facebook səhifəmizdə