ATGTİ Avropa Tələbələr Birliyinin tamhüquqlu üzvü oldu - FOTO

ATGTİ Avropa Tələbələr Birliyinin tamhüquqlu üzvü oldu - FOTO

2009-cu ilin noyabrın 20-dən fəaliyyətə başlayan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) hazırda ölkənin ən böyük tələbə təşkilatıdır. Tələbələrin hər tərəfli inkişafına, maariflənməsi və beynəlxalq aləmdə təmsil olunmalarına dəstək verən ATGTİ, bu gün ölkə gəncləri üçün geniş fəaliyyət platformasıdır. Azərbaycanın QHT sektorunda fəaliyyəti ilə nüfuz qazanan ATGTİ daha bir böyük uğura imza atıb.

ATGTİ-dən SİA-ya verilən məlumata əsasən, 19-24 aprel tarixlərində Rumıniyanın paytaxtı Buxarestə keçirilən Avropa Tələbələr Birliyinin (ATB) növbəti görüşündə, Azərbaycandan ATGTİ-nin və Serbiyandan Skonus təşkilatının ATB-yə üzvlük məsələsi müzakirə edilib. Nəticə də isə böyük səs çoxluğu ilə ATGTİ ATB-nin tam hüquqlu üzvü statusunu alıb.

Ölkəmizi və təşkilatımızı Rumıniyada təmsil edən ATGTİ nümayəndələri, Dövlət İdarəçilik Akademiyasından Toğrul Niyazlı və Azərbaycan Dövlər İqtisad Universitetindən Turan Eldarova, ATB nümayəndələri ilə bir sıra görüşlər keçirib, müxətlif mövzulu debatlarda iştirak edib, ümumi iclasda ATGTİ-nin geniş təqdimatını keçirib.

Təqdimatlarında ittifaqın məqsədinə toxunan gənclər, təşkilatın fəaliyyət istiqaməti və bu günkü nailiyyətləri haqqda məruzə ediblər. Öz çıxışlarında ATGTİ-nin beynəlxalq aləmdə təmsilindən danışan gənclər vurğulayıblar ki, bu gün ATGTİ bütün MDB məkanında kifayət qədər tanınan və öz fəaliyyəti ilə seçilən bir təşkilatdır. Fəaliyyətinin yeni mərhələsində ittifaq avropalı tələbələrlə sıx əməkdaşlıq əlaqələri qurmağı planlaşdırır və bu istiqamətdə də artıq müəyyən addımlar atıb, tədbirlər keçirib. Bu gün ATGTİ Bakıda fəaliyyət göstərən müxtəlif Avropa ölkələrinin səfirlikləri birgə fəaliyyət göstərir. Müxtəlif mədəni, tarixi və elmi tədbirlərə qatılır, bu sahədə mövcud əlaqələri genişləndirmək istəyir.

Avropa məkanında gəncliyin (tələbələrin) inkişafı mövzusunda keçirilən debatlara qatılan nümayəndələrimiz ATGTİ-nin Azərbaycan tələbələrinin həyatında tutduğu rolu xüsusi qeyd ediblər.

Qeyd edək ki, 2012-ci il 4-11 mart tarixləri arasında ATB-nin nümayəndə heyəti Bakıya səfər edərək ATGTİ, təşkilatın strukturu, fəalları, işçi qrupları və fəaliyyəti ilə tanış olublar. Bundan əlavə Avropalı qonaqlar paytaxt və Gəncə şəhərinin bir sıra Ali təhsil müəssisələrinə baş çəkərək, oradakı tələbələrlə görüşüb, müzakirə aparıblar.

Ölkəmizə səfərlərinin yekunlarına dair keçirilmiş mətbuat konfransında nümayəndə heyətinin rəhbəri Karl Agius qeyd edib ki, "ATGTİ Avropa Tələbələr Birliyinə üzv olmağa layiqdir".

Məlumat üçün bildirək ki, ATB 1982-ci ildə yaradılmış və hazırda özündə 39 ölkədən 47 üzv tələbə birliyini birləşdirən beynəlxalq təşkilatdır. Mərkəzi ofisi Brüselldə yerləşən təşkilatın tərəfdaşları Avropa Şurası, Avropa Komissiyası, UNİCEF, ATƏT və başqa nüfuzlu qurumlardır. Avropa Tələbələr Birliyi ümumilikdə 11 milyondan artıq tələbənin təmsil olunduğu platformadır.



Bütün xəbərlər Facebook səhifəmizdə