Əcnəbi tələbələr Azərbaycan tarixi və coğrafiyası üzrə biliklərini sınayacaqlar

Əcnəbi tələbələr Azərbaycan tarixi və coğrafiyası üzrə biliklərini sınayacaqlar

Əcnəbi tələbələr Azərbaycan tarixi və coğrafiyası üzrə biliklərini sınayacaqlar. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Azərbaycan Respublikasında təhsil alan əcnəbi tələbələr arasında Azərbaycan tarixi və coğrafiyası üzrə I Respublika intellektual olimpiada"12 ali təhsil müəssisəsindən 48 tələbənin iştirak ilə aprelin 23-də gerçəkləşəcək.

Olimpiadanın özəlliyi mübarizəyə Azərbaycan Respublikasında təhsil alan əcnəbi tələbələrin qatılmasıdır. Olimpiadada Türkiyə, Moldova, İran, Koreya və digər ölkələrdən olan əcnəbi gənclər qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Tədbirin keçirilməsində əsas məqsəd-respublikada fəaliyyət göstərən ali məktəblərdə təhsil alan əcnəbi tələbələrin Azərbaycanın tarixi və coğrafiyası haqqında məlumatlandırılması, onlar arasında maarifləndirmə işinin genişləndirilməsi və həmçinin asudə vaxtın səmərəli təşkil edilməsidir.

Yarışmada BDU, Neft Akademiyası, Bakı Musiqi Akademiyası, İqtisad Universiteti, Slavyan Universiteti, Azərbaycan Texniki Universiteti, Tibb Universiteti və digər ali təhsil ocaqlarının tələbələri iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə