Ombudsman ATƏT-in İnsan ölçüsü Komitəsinin iclasında iştirak edib

Ombudsman ATƏT-in İnsan ölçüsü Komitəsinin iclasında iştirak edib

Avstriyanın Vyana şəhərində ATƏT-in İnsan Ölçüsü Komitəsinin iclası keçirilib. Bu tədbirə dəvət olunan Azərbaycan Ombudsmanı Elmira Süleymanova iclasın gündəliyinə salınıb və üzv dövlətlərin insan ölçüsü sahəsində öhdəlikləri yerinə yetirməsi üzrə könüllü hesabatlarının təqdim edilməsi prosesində "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" nın geniş təqdimatını keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, böyük marağa səbəb olan təqdimatda müstəqilliyin 20 ili ərzində ölkəmizdə insan hüquqları sahəsində qazanılan nailiyyətlər, bu sahəyə töhfə verən mühüm sənədlər barədə ətraflı məlumat verilib, hazırda həyata keçirilməkdə olan bu sənədin strukturu, qarşıya qoyulmuş vəzifələr, icraçı qurumlar, həyata keçirilməsinə nəzarət mexanizmləri və proqramın icrasından gözlənilən nəticələr diqqətə çatdırılıb. Təqdimat tədbirdə iştirak edən üzv dövlətlərin nümayəndələri, səfirlər, diplomatlar, insan hüquqları sahəsində mütəxəssislər tərəfindən diqqətlə dinlənilib, şərhlər verilməklə yanaşı, Azərbaycan Ombudsmanına çoxsaylı suallar ünvanlanıb.

Müvəkkil çıxışında iştirakçıların diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldərək, bu münaqişə nəticəsində öz yurdunda qaçqın və məcburi köçkünə çevrilmiş bir milyon azərbaycanlının hüquqlarının kütləvi şəkildə kobudcasına pozulduğunu qeyd edib. Azərbaycan Ombudsmanı iclasa sədrlik edən, İsveçrənin ATƏT yanında Daimi nümayəndəsi, səfir Tomas Qremingerə Azərbaycanın tarixi mədəniyyət abidələrinin erməni təcavüzündən əvvəlki və sonrakı vəziyyətini əks etdirən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ingilis dilində nəşr etdiyi "Qarabağ – irsimizin əbədi yaddaşı" adlı kitabı təqdim edərək, bu vəsaitin ATƏT-in sənədləri sırasına daxil edilməsini təklif etmiş və bütün tədbir iştirakçılarını, o cümlədən Ermənistan nümayəndələrini həmin kitabla tanış olmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə