Ümumdünya “Açıq Hökumət Tərəfdaşlığı”-nın yüksək səviyyəli ilk illik sammiti keçirilib

Ümumdünya “Açıq Hökumət Tərəfdaşlığı”-nın yüksək səviyyəli ilk illik sammiti keçirilib

Braziliyanın paytaxtı Braziliya şəhərində ABŞ prezidenti Barak Obama və Braziliya prezidenti Dilma Russefin birgə təşəbbüsü ilə 2011-ci ildə təsis olunan ümumdünya "Açıq Hökumət Tərəfdaşlığı"-nın (AHT) Yüksək Səviyyəli İlk İllik Sammiti keçirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Müşfiq Əmirovun SİA-ya verdiyi xəbərə görə, tədbirə 60 ölkədən 2000-ə yaxın dövlət, qeyri-hökumət, özəl qurumların rəhbərləri, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

Sammitin açılış mərasimində Braziliya Federativ Respublikasının prezidenti Dilma Russof, Tanzaniya Birləşmiş Respublikasının prezidenti Jakaya Kikveti, Gürcüstanın baş naziri Nika Gilauri, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton və bir sıra siyasi xadimlər iştirak ediblər. Tədbirdə ölkəmizi rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. AHT Sammitinin Cənubi Qafqaz regionu üzrə "Fəaliyyət Planı"nın təqdimatı üzrə plenar iclasda iştirak edən nazir ölkəmizin milli fəaliyyət planını forum iştirakçılarının diqqətinə çatdırıb.

Təqdimat mərasimində Azərbaycandan Qeyri-Hökumət Təşkilatının nümayəndəsi, Milli Büdcə Qrupunun rəhbəri, Gürcüstanın ədliyyə nazirinin müavini və Ermənistanın xarici işlər nazirinin müavini, həmçinin, iştirakçı dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Eyni zamanda, regionlar üzrə iki hissədən ibarət, 12 blok üzrə dəvam edən "Hərəkət Planı" təqdimatlarında Azərbaycan nümayəndə heyətinin üzvləri iştirak ediblər.

Sammit çərçivəsində İsrailin Dövlət xitmətlərinin tətbiqi naziri Mihael Etan, Albaniyanın İnnovasiya və informasiya kommunikasiya texnologiyaları naziri Genc Polla, İstehsal Sənayesində şəffaflıq təşəbbüsü katibliyinin rəhbəri Jonas Moberg, Beynəlxalq Şəffaflıq (Transparency İnternational) Təşkilatının idarə heyətinin üzvü Elizabet Ungar, ABŞ-ın Karter Mərkəzinin rəhbəri Laura Nyuman, həmçinin, Braziliya hökumətinin "Sivil Dövlət Qurumu"nun rəhbəri Vania Vieira ilə bir sira ikitərəfli görüşlər keçirilib.

Sammitin ikinci günü "İnformasiya Şəffaflığı: Hökumətin Perspektivləri" sessiyasında təşkilatçıların xahişi ilə ölkəmizdə İKT sahəsində aparılan uğurlu siyasəti forum iştirakçılarının diqqətinə çatdırmaq üçün nazir Ə.Abbasov çıxış edib. Çıxışda "Elekton hökumət" çərçivəsində dövlət təsisatlarının vahid sistem üzərindən idarəsi, həmçinin, nəzarət olunması və bu sistemin cəmiyyət üzvləri üçün şəffaf olmasının vacibliyi qeyd edilib. Sessiyada Braziliya, Liberiya və Kanada hökumətlərinin nümayəndələri cıxış edərək öz təcrübələrini bölüşüblər. "Açıq Hökumət Tərəfdaşlığı" sammitinin işində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Komissiyasının sədri Bəhram Xəlilov, Prezident Administrasiyasının və Milli Məclisin üzvləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə