Azərbaycan Dövlət Pedaqoji Universiteti 90 illik yubileyini qeyd edir-FOTOSESSİYA
Bu gün ölkənin orta ümumtəhsil, orta ixtisas və məktəbəqədər təhsil müəssisələri üçün ali təhsilli pedaqoji kadr hazırlayan Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 90 illik yubileyini qeyd edir. SİA-nın xəbərinə görə, bu münasibətlə ali məktəbin rəhbərliyi ilk öncə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Daha sonra onlar Şəhidlər Xiyabanı və Türk Şəhidlərinin Abidəsini ziyarət edib, vətən uğrunda canlarından keçən şəhidlərin ruhunu yad ediblər.
Universitetdə davam etdirilən yubiley tədbirində təhsil naziri Misir Mərdanov, universitet rəhbərləri, millət vəkilləri, tanınmış müəllim və alimlər, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov prezident İlham Əliyevin sərəncamı ilə müxtəlif adlara layiq görülən universitet müəllimlərini təbrik edib. O bildirib ki, zəngin tarixi inkişaf yolu keçən Azərbaycan Dövlət Pedaqoji Universiteti respublika üçün müxtəlif ixtisaslar üzrə 150 minə qədər müəllim kadrları hazırlayıb. Bunun Azərbaycan üçün çox böyük rəqəm olduğunu deyən nazirin sözlərinə görə, ADPU ölkənin təhsil müəssisələri üçün kadr hazırlığı ilə yanaşı, həm də xarici ölkələr üçün elmi-pedaqoji kadr hazırlığı sahəsində mühüm xidmətlər göstərib. M.Mərdanov vurğulayıb ki, universitetin məzunları arasında ölkədə və onun hüquqlarından kənarda tanınan çoxsaylı alimlər, ictimai-siyasi xadimlər, yazıçı, şair və bəstəkarlar bu ali təhsil müəssisəsinin nüfuzunun geniş şəkildə artmasında mühüm rol oynayıb. Son illət ADPU təhsilin və tədrisin keyfiyyətinin yüksəldilməsində, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində böyük uğurlar qazanıb.
ADPU-nun rektoru Yusif Məmmədov isə 90 il ərzində universitetin keçdiyi yol barədə geniş məruzə ilə çıxış edib. O bildirib ki, universitet bütün illərdə ölkə üçün lazımlı və keyfiyyətli kadrların yetişdirilməsinə xidmət edib. Rektorun sözlərinə görə, ADPU-nun son 40 ildə qazandığı böyük uğurlar isə ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin bütövlükdə elm və təhsilə göstərdiyi qayğı-diqqət sayəsində əldə edilib. Y.Məmmədov qeyd edib ki, təhsilin, maddi dəyərlərin intellekt kapitalına çevrilməsinin vacibliyini hər zaman önə çəkən prezident İlham Əliyev tərəfindən respublikanın digər ali məktəbləri kimi, ADPU-ya da xüsusi diqqət və qayğı göstərilir. Son 6 ildə prezidentin müvafiq sərəncamları ilə universitetin 50-dək əməkdaşı yüksək dövlət mükafatlarına layiq görülüb. Bir sözlə, böyük və şərəfli yol keçən ADPU bu gün də tərəqqi və inkişaf yolundadır.
Milli Məclisin vitse-spikeri Bahar Muradova isə universitetin ölkənin təhsil sistemində tutduğu yerin hər kəsə məlum olduğunu deyib. O bildirib ki, bu gün ölkənin müxtəlif yerlərində insanların savadı və təhsili ilə məşğul olan insanların hər biri bu ali məktəbin yetirmələridir: "Vaxtilə universitetin məzunları olan insanlar bu gün ölkənin ictimai-siyasi xadimləri, pedaqoji işçiləri, akademik elmin inkişafına xidmət edirlər. Ümumilikdə, ölkənin inkişafı üçün lazım olan savadlı və bilikli insanların yetişdirilməsində bu universitet məzunlarının böyük əməyi var".
Tədbirin davamında çıxış edən qonaqlar da öz təbriklərini çatdıraraq universitetin keçdiyi yola nəzər salıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB