Abel Məhərrəmov: “Buraxılış imtahanlarının keçirilmə səlahiyyətlərinin TQDK-ya verilməsi bu prosesin vahid bir müstəviyə gəlməsidir”

Abel Məhərrəmov: “Buraxılış imtahanlarının keçirilmə səlahiyyətlərinin TQDK-ya verilməsi bu prosesin vahid bir müstəviyə gəlməsidir”

\"Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə orta məktəblərdə buraxılış imtahanlarının keçirilməsinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətlərinə verilməsi bu prosesin vahid bir müstəviyə gəlməsi deməkdir\". Bunu SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Abel Məhərrəmov deyib. O bildirib ki, bununla da ali və orta məktəb işçilərinin düşündükləri vahid müstəvidə ortaya qoyuldu.

Onun fikrincə, orta məktəb şagirdlərdən bir proqramla yekun biliyi tələb edirdi, qəbul imtahanı isə şagirdlərin hazırlıq metodikasını tələb edirdi: "Uzun illər düşünülən məsələyə cənab prezident nöqtə qoydu. Bundan sonra şagirdlərin orta məktəbdə buraxılış imtahanına hazırlaşmaları və ali məktəbə qəbul olmaları vacib müstəviyə gətirildi. Çünki şagirdlərin gənclik dövründə, yuxarı kurslarda ikili standart, metodla həm buraxılış, həm də qəbul imtahanına hazırlaşması çox zehni yük olurdu, stress yaradırdı. Ona görə də sənədi bəyənir və alqışlayırıq. Arzu edirik ki, bu vahid metodologiyanın özünün metodikası da zəngin, dərin və milli mənaefələrə xidmət etsin. Yəni, şagird orta məktəbi bitirən vaxt, ali məktəbə qəbul olunan zaman onun idrakı, təfəkkürü, düşüncəsi, bütövlükdə, yüksək intellektual səviyyəsinin formalaşması istiqamətində vahid metodologiya hazırlanmalıdır. Bu çox vacibdir. Daha sadə dildə desək, şagirdlər əzbərçiliyə meyllənməməlidir. İnsanın gələcək intellektual səviyyəsi fənlərin mənimsənilməsi səviyyəsindən çox asılıdır. Ancaq əzbərçilik üsulundən mütləq uzaqlaşmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə