Atatürk Mərkəzində Yunus Oğuzun 6 kitabının təqdimatı olub - FOTOLAR

Bu gün Atatürk Mərkəzində "Olaylar" qəzetinin baş redaktoru, bir neçə tarixi romanın müəllifi Yunus Oğuzun daha yeni 6 kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən millət vəkili Nizami Cəfərov bildirib ki, Yunus Oğuzun əsərləri tək Azərbaycanda deyil, eləcə də xarici dövlətlərdə sevilir: "Onun əsərlərinin mövzusunu türk dünyası, mədəniyyəti, qədim türk xalqlarının tarixi təşkil edir. Əminəm ki, bu əsər çox maraqla qarşılanacaq və roman Əmir Teymurla maraqlanan hər bir insan üçün maraqlı olacaq".


Tədbir çərçivəsində millət vəkili Aqil Abbas, "Kaspi" Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli, şair Səlim Babullaoğlu, " Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digərləri çıxışlarında Yunus Oğuzun yaradıcılığı barədə, onun son əsərləri barədə ürək sözlərini bildiriblər, müəllifi təbrik ediblər.

Yazıçı Yunus Oğuz isə çıxışında əsərlərinin tarixçəsindən bəhs edib. O, tezliklə "Nadir şah" pyesinin Akademik Dövlət Dram Teatrında səhnələşdiriləcəyini deyib.

Məlumat üçün bildirək ki, "Əmir Teymur: Dünyanın hakimi" tarixi romanında böyük Cahangirin hakimiyyətə gəlməsi, igid türk qəbilələrini birləşdirməsi və Hindistana yürüşü öz əksini tapıb. Yazıçı Əmir Teymuru türk dünyasının birləşməsi, türk sərhədlərinin genişlənməsi üçün fəaliyyət göstərən bacarıqlı sərkərdə, təcrübəli diplomat və dövlət xadimi kimi xarakterizə edib.


Bütün xəbərlər Facebook səhifəmizdə