Dövlət Sosial Müdafiə Fondu tərəfindən keçirilən tenderin nəticələri açıqlanıb

Dövlət Sosial Müdafiə Fondu tərəfindən keçirilən tenderin nəticələri açıqlanıb

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Azərbaycanda pensiyaların paylanması üçün müvəkkil bank təşkilatının seçilməsi məqsədi ilə keçirilən tenderin nəticələri açıqlanıb. SİA-nın xəbərinə görə, DSMF sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib ki, tenderin nəticəsində lotların 43%-də "Kapital bank", 57%-də isə Azərbaycan Beynəlxalq Bankı qalib gəlib.

Onun sözlərinə görə, Sumqayıt şəhər və Abşeron rayon şöbələri üzrə ən aşağı qiyməti "Texnikabank" ASC təqdim edib. Lakin "Texnikabank"da yaranan problemləri nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankına "Texnikabank"ın maliyyə vəziyyəti barədə müraciət edildiyini deyən S.Müslümov qeyd edib ki, müraciətə verilən cavabda onun qalib elan edilməsinin məqsədəuyğun olmadığı göstərilib: "Dünən komissiya hər iki şöbə üzrə ikinci yeri tutan "Kapitalbank"a müqavilə imzalamağı təklif edib. Lakin "Kapitalbank" Sumqayıtda bankomat şəbəkəsi geniş olmadığına görə, təklifi qəbul etməyib. Nəticədə Abşeron rayonu "Kapitalbank"a, Sumqayıt şəhəri isə ABB-yə həvalə olunub".

DSMF sədri vurğulayıb ki, artıq tenderdə qalib elan edilən banklarla müvafiq müqavilələr imzalanıb. Onun sözlərinə görə, 69 lotdan 22 lot üzrə qalibi müəyyən etmək mümkün olmayıb, çünki həmin lotlar üzrə tenderdə iştirak edən bankların sayı 3-dən az olub. Bu lotlar üzrə təkliflər sorğusu üzrə qalibin müəyyən edilməsi üçün təkliflər sorğusunun keçirilməsi məqsədi ilə Satınalmalar üzrə Dövlət Agentliyinə müraciət edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə