“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində “Sığorta-pensiya sistemi” mövzusunda dəyirmi masa keçirilib - FOTOSESSİYA
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar "Sığorta-pensiya sistemi" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, millət vəkilləri və digər ictiami-siyasi xadimlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, ölkədə aparılan mühüm işlər sahəsində əhəmiyyətli yer tutan məsələlərdən biri sosial pensiya sistemində islahatların həyata keçirilməsindən ibarətdir.Onun sözlərinə görə, Azərbaycanın sosial siyasəti, xüsusilə onun pensiya təminatı ilə əlaqədar olan hissəsi insanların sosial rifahının daha da yüksəlməsi və daha da etibarlı sosial təminat sisteminin yaranmasına xidmət edir: "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində insanları pensiyalarla daha etibarlı təmin etmək, pensiya sisteminin daha ədalətli metodlarla aparılması, pensiya alanlarla müvafiq orqanlar arasındakı münasibətlərin daha da sivil texnologiya ilə həyat keçirilməsi nəzərdə tutulub. Bununla da müasir pensiya sisteminin yaranmasına təşəbbüs göstərilir".
Tədbirin davamında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov geniş təqdimatla çıxış edib. O, bildirib ki, ötən dövrdə Azərbaycan sosial müdafiə sisteminin beynəlxalq standartlara əsaslan islahatları nəticəsində sığorta pensiya sistemində mühüm nailiyyətlər əldə olunub. S.Müslümovun sözlərinə görə, "Azərbaycan 2020: gələcəyə baxış" Konsepsiyasının hazırlanması üçün verilən tapşırıq və tövsiyələrə uyğun olaraq, həmin tədqiqatlarda 2020-ci ilədək olan dövr xüsusi diqqətə alınıb.
"2020-ci ildə Azərbaycanın sığorta-pensiya sisteminin sığortaedənlər, sığortaolunanlar və pensiyaçılara münasibətdə bir sıra fəaliyyətə nail olmaq hədəflənib. Belə ki, sığortaedənlərə münasibətdə sığortaedənlərin qeydiyyatı tam avtomatlaşdırılır. Sığortaolunanlar dövlət sosial sığorta sistemində avtomatlaşdırılmış qaydada uçota alınır. Məcburi dövlət sosial sığortası üzrə hesabatların və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatların elektron qaydada ötürülməsi və qəbulu həyata keçirilir. Sığortaedənlərdə audit elektron qaydada aparılır, inzibati nəzarət ictimai nəzarətlə əvəzlənir. Məcburi dövlət sosial sığorta haqlarının müəyyən hissəsi sığortaolunanların yığım hesablarına yönəldilir. Qeyri-dövlət pensiya fondları sığortaolunanların fərdi yığım hesablarında toplanan vəsaitlərin idarə olunmasında iştiraka cəlb edilir",-deyə fondun sədri bildirib.
S.Müslümov bəyan edib ki, 2020-ci ildə Azərbaycan Respublikasının sığorta-pensiya sistemində vətəndaşla fondun əməkdaşları arasında birbaşa əlaqə (kontakt) yarada bilən bütün hallar aradan qaldırılır, həm sığortaedənlərin uçota alınması, məcburi dövlət sosial sığorta haqlarının hesablanması, ödənilməsi, fərdi uçotunun aparılması, fərdi şəxsi hesablardan müvafiq məlumatların əldə edilməsi, fond tərəfindən bu proseslərə audit və digər vasitələrlə nəzarət edilməsi, həm pensiyaların təyin olunması, həm də onların ödənişi tam avtomatlaşdırılması nəzərdə tutulub.
Tədbirin davamında çıxış edən millət vəkilləri Ziyad Səmədzadə, Hadı Rəcəbli, Əhliman Əmiraslanov, Əli Məsimli mövzu ilə bağlı fikirlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB