Sahibə Qafarova: \"İnsan alverinə qarşı beynəlxalq səviyyədə mübarizənin gücləndirilməsi olduqca vacibdir\"

Sahibə Qafarova: \"İnsan alverinə qarşı beynəlxalq səviyyədə mübarizənin gücləndirilməsi olduqca vacibdir\"

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB, Avropa Şurası Parlament Assambleyası (AŞPA) və ATƏT-in birgə təşkilatçılığı ilə "İnsan alverinə qarşı mübarizə" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, dəyirmi masada insan alverinə qarşı mübarizədə mövcud vəziyyət, əldə olunan nailiyyətlər, problemlər, Avropa Şurasının və ATƏT bu sahədə atdığı addımlarla bağlı geniş məlumat verilib, müxtəlif dövlətlərin təcrübələri haqqında məruzələr dinlənilib, qarşılıqlı maraq doğuran fikir mübadiləsi aparılıb. Azərbaycan Milli Məclisinin üzvü, AŞPA-nın Rasizm və Ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarova tədbirdə qurumu təmsil edib. İclasdakı çıxışında S.Qafarova deyib ki, insan alveri bir fəlakət kimi dünyanın bir çox ölkələrinə təsir etməklə digər cinayət tərkibli hüquqpozmalarla birlikdə cinayətkarlığın qloballaşması prosesinin bir hissəsidir: "Avropa insan alverindən zərər çəkən regionlardan biri olmaqdadır. Avropa bu fəlakətin mənşəyi və tranzit ölkələrin və qurbanın son dayanacağı rolunu oynamaqdadır. Qadınlar daha çox insan alverinin və cəmiyyətimizdə geniş yayılan gender bərabərsizliyinin qurbanına çevrilirlər".

Daha sonra problemin aktuallığından danışan Sahibə Qafarova deyib ki, beynəlxalq səviyyədə ona qarşı mübarizənin gücləndirilməsi olduqca vacibdir. O, həmçinin, AŞPA-nın bu sahədə gördüyü işlərdən də danışıb: "Qadın və kişilərə eyni hüququların verilməsini təmin edən Assembleyanın müvafiq komitəsi bu sahədə fəaliyyətilə seçilir və hazırladığı hesabatlarla sözügedən mövzunu diqqət mərəzində saxlayır. Komitə hesab edir ki, insan alverinin qurbanları qadınlar deyil, həm də əks cinsin nümayəndələri, uşaqlar, böyüklər ola bilər. Lakin qadınlar bu problemdən daha çox əziyyət çəkirlər".

Hər il minlərlə qadının insan alverinin qurbanına çevrildiyini söyləyən millət vəkili ümid etdiyini bildirib ki, yaxın gələcəkdə Avropa Şurası insan alveri ilə paralel olaraq qadınlara qarşı zorakılıq və eləcə də ailədə zorakılıq hallarına qarşı sistemli mübarizədə xüsusi mexanizm yarada biləcək: "İstanbul konvensiyası qüvvəyə minəndən və yeni icra edici orqan yaradıldıqdan sonra GRETA modelinin özünü doğruldacağına inanıram. Bu iki sistem eyni fəlsəfəni bölüşür, eyni yanaşma və eyni məqsədə xidmət edir: insan hüquqlarının ciddi şəkildə pozulması hallarına qarşı mübarizə və insanlara, xüsusilə qadınlara öz hüquq və azadlıqlarından istifadə etmək imkanının verilməsi".

Bütün xəbərlər Facebook səhifəmizdə