Hidayət Orucov Türkiyə Diyanət Vəqfi İdarə Heyətinin ikinci başqanı ilə görüşüb

Hidayət Orucov Türkiyə Diyanət Vəqfi İdarə Heyətinin ikinci başqanı ilə görüşüb

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Türkiyə Diyanət Vəqfi Mütevelli (İdarə) Heyətinin ikinci başqanı Mazhar Bilgi ilə görüşüb. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Dövlət Komitəsinin sədri iki qardaş dövlət arasında mövcud olan yüksək səviyyəli dostluq və qardaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək demişdir ki, bu əlaqələr sarsılmazdır. Qeyd olunub ki, Milli Liderlərimiz Heydər Əliyev və Mustafa Kamal Atatürkün müdrik kəlamları - "Bir millət, iki dövlət" və "Azərbaycan xalqının sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" - xalqlarımızı min illər əvvəldən bir-birinə bağlayan qırılmaz telləri gün keçdikcə daha da möhkəmləndirir.

Hidayət Orucov bildirib ki, indiyədək Türkiyə ilə Azərbaycan dünya siyasi arenasında çiyin-çiyinə addımlayıb, hər zaman bir-birinin mənafeyini qoruyub və bu yol davam etdirilməlidir. "Bütün türk xalqları qardaşdırlar, ancaq azərbaycanlılarla Anadolu türkləri əkiz qardaşdırlar", – fikrini bir daha vurğulayan Dövlət Komitəsinin sədri ölkələrimiz arasında din sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, bu sahədə təcrübə mübadiləsinin aparılması üçün müxtəlif layihələrin həyata keçirildiyi diqqətə çatdırıb.

Azərbaycanda son illər ərzində həyata keçirilən quruculuq işlərindən danışan Hidayət Orucov deyib ki, ölkədə bütün sahələr kimi, din sahəsində də böyük inkişaf vardır, əvvəlki illərlə müqayisədə, cəmiyyətdə milli-mənəvi dəyərlərə münasibət müsbət mənada xeyli dəyişib: "Ancaq təəssüf ki, bəzən qardaş Türkiyə mediasında Azərbaycandakı dini durumla bağlı yalan məlumatlara, həqiqəti əks etdirməyən yazılara da rast gəlirik. Şübhəsiz, həmin böhtan xarakterli məqalələrin qardaş ölkənin mətbuatında yer alması bizi daha çox məyus edir. Çox istərdim ki, Azərbaycanda səfərdə olan, ölkəmizlə yaxından tanış olan ziyalı türk qardaşlarımız bu kimi hallarda Azərbaycan tərəfinin münasibətini gözləmədən Türkiyə ictimaiyyətinə həqiqəti çatdırsınlar, düşmən dəyirmanına su tökməklə məşğul olanları, müəyyən dairələrin maraqlarına xidmət edənləri ifşa etsinlər. Biz güclü olmaq üçün mütləq bir-birimizi qorumalıyıq".

Azərbaycana ilk dəfədir səfər etdiyini söyləyən Türkiyə Diyanət Vəqfi Mütevelli (İdarə) Heyətinin ikinci başqanı Mazhar Bilgin xalqlar arasında mövcud olan bağlılığı zaman-zaman sarsıtmağa çalışan kiçik qrupların olduğunu, ancaq onların Türkiyə ictimaiyyətinin fikirlərini ifadə etmədiklərini xüsusi vurğulayıb: "Türkiyədə mətbuat cəmiyyətin aparıcı qüvvəsi olsa da, bəzən demokratiyadan sui-istifadə hallarına yol verir, dedi-qodu yaradır, əsası olmayan məlumatlar yayır. Təbii ki, bunlar həm də vicdani məsələlərdir. Mətbuat verdiyi informasiyanın məsuliyyətini dərk etməlidir. Əks halda qeyd etdiyiniz problemlər ortaya çıxır. Türkiyədə

Azərbaycanla bağlı yazılan böhtanlar, edilən çıxışlar bizi də sizin qədər narahat edir. Ancaq tam əmin ola bilərsiniz ki, iki-üç yazı, yaxud məqalə ilə nə Türkiyə dövlətinin, nə də türk xalqının Azərbaycana və ya onun xalqına münasibəti dəyişər".

Görüşdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Diyanət Vəqfi arasında işgüzar münasibətlərin daha da genişləndirilməsi istiqamətində də müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə