Nazirlik rəsmisi: “Kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsində heç bir problem yoxdur”

Nazirlik rəsmisi: “Kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsində heç bir problem yoxdur”

"Hazırda ölkədə kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsi prosesi davam etdirilir. Bu prosesə cari il aprelin 9-dan etibarən start verilib". SİA-nın xəbərinə görə, bu barədə məlumat verən Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İslam İbrahimov bildirib ki, ötən il 2012-ci ildə əkilən buğda əkini üçün subsidiyaların verilməsinə 58 rayondan müraciət daxil olub. Onun sözlərinə görə, respublika komissiyası bu sənədlərə baxdıqdan sonra 58 rayon üzrə 169 min kənd təsərrüfatı istehsalçılarına 25,2 milyon manat həcmində subsidiyaların ayrılması üçün qərar verib. Şöbə müdiri qeyd edib ki, subsidiyaların plastik kartlarla verilməsi üçün Maliyyə Nazirliyi və Kapital Banka lazımi sənədlər göndərilib.


"Artıq rayonların 70%-i kənd təsərrüfatı istehsalçıları üçün nəzərdə tutulan subsidiyaları əldə edə bilirlər. Onlar bu subsidiyaları əldə etməklə yaz əkinlərinin sürətləndirilməsini həyata keçirməyə başlayıblar. Lakin kənd təsərrüfatı işçilərinə verilən subsidiyaların təkmilləşdirilməsinə ehtiyac var. Subsidiyaların təkmilləşməsi ilə əlaqadar olaraq aidiyyatı orqanlarla iş aparılacaq. Kənd təsərrüfatı işçilərinin daha çox marağının artırılmasını təmin edən subsidiyaların verilməsi mexanizminə dair müvafiq sənəd hazırlanacaq. Subsidiyaların verilməsində heç bir maneçilik yoxdur. Bu məsələdə Türkiyənin təcrübəsi öyrənilib. Orada 50-dən çox məhsul növünə 90-a qədər subsidiyalar verilir. Azərbaycanda da bütün kənd təsərrüfatı istehsalçıları subsidiyalar alırlar, amma müvafiq orqanlar tərəfindən müəyyən təkmilləşmələr həyata keçiriləcək", - deyə İ.İbrahimov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə