Millət vəkili: \"Qiymətləndirmə fəaliyyəti haqqında qanuna əlavə və dəyişikliklər komitənin müzakirəsinə çıxarılacaq\"

Millət vəkili: \"Qiymətləndirmə fəaliyyəti haqqında qanuna əlavə və dəyişikliklər komitənin müzakirəsinə çıxarılacaq\"

\"Qiymətləndirmə fəaliyyəti haqqında qanuna əlavə və dəyişikliklər edilərək yenidən hazırlanıb\". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Xanhüseyn Kazımlı deyib. O bildirib ki, qanun layihəsi 8 aydır komitədə hazırlanıb və yaxın günlərdə komitənin müzakirəsinə çıxarılacaq. Onun sözlərinə görə, bu vaxta kimi bir neçə dəfə ictimai müzakirələrdə qanuna edilən əlavə və dəyişiklər müzakirə edilib. Bütün yerli və icra hakimiyyəti orqanlarının da bundan xəbərdar olduğunu deyən millət vəkili qeyd edib ki, qiymətləndirmə fəaliyyəti haqqında qanuna əlavə və dəyişiklərin qəbul olunması Azərbaycan iqtisadiyyatı üçün, cəmiyyəti və insanların sosial rifahı üçün olduqca əhəmiyyətlidir.


"Azərbaycanda Qiymətləndirmə fəaliyyəti haqqında qanun 1998-ci ilin iyun ayında qəbul edilib. Lakin o vaxtdan bu günə kimi 14 ilə yaxın vaxt keçib və MDB məkanında olan bütün ölkələr içərisində Azərbaycan birinci olaraq qiymətləndirmə fəaliyyəti haqqında qanunu qəbul edib. Amma həmin adda Rusiya, Qazaxıstan, Belarus bizdən 3-4 il sonra bu qanunu qəbul edib. Amma təəssüf ki, ötən 14 il ərzində Rusiya 12 dəfə qanuna dəyişikliklər edilib və bu da onun tam gücü ilə işləməsinə imkan verib. Ötən müddət ərzində biz də əlavə və dəyişikliklərin edilməsini təklif etmişik, amma hələlik buna nail ola bilməmişik. Amma sonradan Milli Məclisin rəhbərliyi tərəfindən də təklif olunub ki, qanunu yeni redaksiyada yenidən işləyək. Bunun nəticəsində Qiymətləndirmə fəaliyyəti haqqında qanuna əlavə və dəyişikliklər edilərək yenidən hazırlanıb", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə