Dövlət Sərhəd Xidməti dəniz sərhədlərinin etibarlı mühafizəsi istiqamətində önəmli tədbirlər həyata keçirir - FOTO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidməti dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycana mənsub bölməsində enerji ehtiyatlarının, neft və qaz yataqlarının, neft-qaz çıxarma platformalarının və sualtı ixrac boru kəmərlərinin qorunması, müasir texniki imkanlardan istifadə etməklə döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması istiqamətində önəmli tədbirlər həyata keçirilir.
DSX-dan SİA-ya verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən tədbirlər arasında Xəzər dənizində taktiki təlimlərin keçirilməsi mühüm yer tutur. DSX-nin hissə və bölmələrinin dənizdə mümkün təhdidlərə qarşı birgə xidməti-döyüş və əməliyyat-taktiki hərəkətlərinin işlənilməsi və təkmilləşdirilməsi məqsədilə keçirilən geniş miqyaslı taktiki təlimlər sərhədçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində xüsusi əhəmiyyət kəsb edir.
Aprel ayının 12-18-də "Xəzər dənizinin Azərbaycan Resrublikasına mənsub olan bölməsindəki adalarda neft-qaz çıxarma rayonlarının, ixrac boru kəmərlərinin mühafizəsi, neft-qaz platformalarına qarşı təhlükə yarandıqda mühafizənin təşkili və xilasetmə əməliyyatlarının ararılması" mövzusunda döyüş atəşi ilə taktiki təlimlər keçirilib. Təlimlərə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Sərhəd Gözətçi Gəmiləri, itisürətli kater və qayıqları, Aviasiya dəstəsinin helikorterləri, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikorterləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə gəmiləri cəlb olunub.
Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən qüvvə və vasitələrə sıra baxışının keçirilməsi ilə başlanan təlimlər üç mərhələdə keçirilib, 9 taktiki epizod uğurla icra edilib. Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin, Aviasiya dəstəsinin qüvvə və vasitələrinin neft-qaz çıxarma rayonlarının, platformalarının, ixrac boru kəmərlərinin mühafizəsi və müdafiəsinin gündəlik şəraitdən xüsusi şəraitə keçirilməsi epizodu icra edildikdən sonra aşkar edilmiş şərti düşmənin terror-təxribat qrupu zərərsizləşdirilib. Şərti düşmənin terror-təxribat qrupu dəstəkləyən hava hədəfi "İqla" tirli daşınan zenit-raket komrleksi vasitəsi ilə məhv edilib. Sonra təyin edilmiş rayonda helikorterlər və gəmilər birgə sərhəd axtarışı keçirib, şərti düşmənin sualtı təxribat qrupu aşkarlanaraq məhv edilib.
Növbəti epizodlarda sorğuya cavab verməyən və hərəkətini davam etdirərək ərazidən uzaqlaşan gəminin dayandırılması, saxlanılmış gəmiyə gücləndirilmiş baxış qurunun çıxarılması, xüsusi təlim keçmiş xidməti itlər və axtarış avadanlıqları vasitəsi ilə baxışın keçirilməsi, kütləvi qırğın silahlarının komponentlərinin müəyyənləşdirilməsi, partlayıcı maddələrin və narkotik vasitələrin aşkar edilməsi elementləri uğurla icra olunub. Saxlanılan gəmidə yanğın cəhdinin qarşısı Fövqəladə Hallar Nazirliyinin gəmi və helikorterləri tərəfindən alınmış, yaralanmış, suya düşmüş insanların xilas edilməsi və təxliyyəsi müvəffəqiyyətlə aparılıb. Təlimlərdə zenit artilleriya qurğularından, iri çaplı pulemyotlardan və müxtəlif tirli raket qurğularından döyüş atışları da müvəffəqiyyətlə keçirilib. Ümumilikdə 1200 nəfər hərbi qulluqçunun iştirak etdiyi taktiki təlimlərə 21 gəmi, 20 itisürətli kater və qayıq, 8 helikopter cəlb olunub.
Təlimlərdə möhkəm intizam və yüksək döyüş hazırlığı nümayiş etdirilib, qarşıya qoyulan vəzifələr, o cümlədən Xəzər dənizinin Azərbaycan Resrublikasına mənsub olan bölməsində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və xilasetmə əməliyyatlarının aparılması zamanı Dövlət Sərhəd Xidməti ilə Fövqəladə Hallar Nazirliyinin bölmələrinin qarşılıqlı idarə olunmasında təcrübənin, qurumlararası məlumat mübadiləsinin təkmilləşdirilməsi, qarşılıqlı əlaqənin təşkili məsələləri tam həcmdə yerinə yetirilib.
Təlimlərin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev yüksək peşəkarlıq göstərdiklərinə görə şəxsi heyətə təşəkkür elan edib.
Sonra Dövlət Sərhəd Xidmətinin rəisi və Fövqəladə Hallar Nazirliyinin rəhbər zabitləri şəxsi heyətlə birgə nahar edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB