Joze Qratsiano da Silva: \"Beynəxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkənin geniş imkanlara malik olduğunu bir daha sübut edir\"

Joze Qratsiano da Silva: \"Beynəxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkənin geniş imkanlara malik olduğunu bir daha sübut edir\"

"Azərbaycan artıq 12 ildir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının üzvüdür. Bu illər ərzində təşkilatın beynəlxalq tədbirlərində fəal iştirak edib və qurumun qarşıya qoyduğu öhdəlikləri yerinə yetirib". Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu fikirləri ölkədə səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva kənd təsərrüfatı naziri İsmət Abasovla keçirdiyi görüşdə deyib.

Görüşdə Azərbaycanla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əlaqələrin ikitərəfli və çoxtərəfli formatda daha da möhkəmlənməsi istiqamətində atılan mühüm addımlar danışılıb. Kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, ölkə bütün sahələrdə olduğu kimi, aqrar sahədə də inkişaf edir. Azərbaycan hökuməti bu sektorun inkişafına hər il dövlət büdcəsindən vəsait ayırır. Son 5 ildə Azərbaycan iqtisadiyyatında ümumdaxili məhsul bir neçə dəfə artıb. Kənd təsərrüfatının inkişafı məqsədilə həyata keçirilən layihələrdən də danışan nazir əlavə etdi ki, hazırda 4 layihə tamamlanıb, 9 layihənin işi isə davam etdirilir. Gələcəkdə isə qurumun region ofisinin yaradılması və birgə layihələrin hazırlanması planlaşdırılır. Bu da ikitərəfli münasibətlərin inkişafına mühüm töhvələr verəcək.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva isə Azərbaycanda olmağından məmnunluğunu ifadə edib. O deyib ki, Azərbaycanla təşkilat arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Bakıda keçiriləcək FAO-un Avropa üzrə 28-ci Regional Konfransına da toxunan qurumun baş direktoru vurğulayıb ki, beynəxalq tədbirlərin burada keçirilməsi Azərbaycanın geniş imkanlara malik olduğunu bir daha sübut edir. Görüşdə təşkilatın fəaliyyətinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə