Misirdə erməni təxribatının qarşısı alınıb

Misirdə erməni təxribatının qarşısı alınıb
Azərbaycanın Misirdəki səfiri erməni təxribatının qarşısını alıb. Səfirlikdən SİA-ya verilən xəbərə görə, Xocalı soyqırımı ilə əlaqədar səfirlik tərəfindən həyata keçirilmiş genişmiqyaslı təbliğat kampaniyasına cavab olaraq, Ermənistanın xarici işlər nazirinin müavini Savarş Köçəryanın Misirin "Əl-Məsəyə" qəzetində Xocalı faciəsi və Sumqayıt hadisələri haqqında faktları saxtalaşdıran məqaləsi dərc edilib.
Buna cavab olaraq Səfir Ş.Abdullayevin Misirin "Əl-Məsəyə" və "Əl-Şuruk" qəzetlərində erməni xarici işlər nazirinin müavininə cavab məqaləsi çap edilib.

Məqalədə Səfir Ş.Abdullayev erməni nazirin Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan tərəfindən təqdim edilmiş faktlara cavab vermək cəhdi olan məqaləsinin Ermənistanın saxtakarlıq və Azərbaycana qarşı təcavüzün məsuliyyətindən yan qaçmaq cəhdinin daha bir uğursuz nümunəsi olduğunu qeyd edib. Xocalı faciəsinin dünya mətbuatı, hadisənin hal şahidləri tərəfindən sənədləşdirildiyini və Ermənistanın özünün yüksək səviyyəli rəsmiləri tərəfindən etiraf olunduğunu xatırladıb.

Ermənistanın xarici işlər nazirinin müavininin o zaman Ermənistanın müdafiə naziri və hal-hazırda isə prezidenti olan S.Sarkisyanın Xocalı faciəsi ilə əlaqədar etiraflarının üzərindən sükutla keçdiyini qeyd edən səfir erməni terrorçusu Monte Melkonyanın və erməni ideoloqu olan Zori Balayanın etiraflarını, "Human Rights Watch" təşkilatının Xocalı ilə əlaqədar hesabatını və Ermənistan Xarici işlər nazirliyinə göndərdiyi məktubu barəsində də məlumat verib.

Sumqayıt hadisələrini ermənilərə qarşı törədilmiş qırğın kimi təqdim etməyə çalışan Ermənistan nazirinin müavininə cavab olaraq, Sumqayıt hadisələrinin təşkilatçısı olmuş Edvard Qriqoryanın əməlləri, onun barəsində açılmış cinayət işi və Sumqayıt hadisələrinə dair SSRİ DTK-ın sabiq sədri V.Kruçkovun etirafları haqqında yazan səfir məqsədyönlü şəkildə təşkil olunmuş Sumqayıtın ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və genişmiqyaslı təcavüzünə zəmin hazırlamaq üçün hazırlandığını oxucuların nəzərinə çatdırıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzün "xalqların öz müqəddəratını təyin etmə" hüququ altında pərdələməyə çalışdığını qeyd edən səfir Ermənistanın bu iddialarının beynəlxalq hüquqa ziddiyyət təşkil etdiyini də vurğulayıb, özünü ərəb-İslam dünyasının "dostu" adlandıran Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində İslam mədəniyyət və dini abidələrini məqsədyönlü və sistematik şəkildə məhvə məruz qoyduğunu da oxucuların nəzərinə çatdırıb.

Azərbaycan məscidlərinin və İslam irsinə aid olan abidələrinin işğal olunmuş ərazilərdə erməni vandalizmindən xilas ola bilmədiyini qeyd edən səfir Ağdam məscidinin tövləyə çevrilməsi, müqəddəs Qurandan olan nümunələrin silinməsi və onun yerinə erməni dilində təhqirlərin yazılması kimi faktları da qeyd edib və İslam əməkdaşlıq təşkilatının bu xüsusda qəbul olunmuş qətnaməsinin Ermənistan tərəfindən etinasızlıqla qarşılandığını bildirib.

Səfir öz çirkin əməllərinə uğursuz şəkildə bəraət qazandırmaq əvəzinə Ermənistan tərəfinə münaqişənin həlli prosesində tutduğu qeyri-konstruktiv mövqeyini dəyişməyi tövsiyə edərək əlavə edib ki, Ermənistan tərəfi anlamalıdır ki, münaqişə nəticəsində Ermənistan təcrid olunmuş və tənəzzülə uğrayan dövlətə çevrilib.

\"Ermənistan rəhbərliyi yürütdüyü təhlükəli və qeyri-konstruktiv siyasi gündəliyin uğursuzluğunu nə qədər tez dərk edərsə, bir o qədər də tez yoxsulluğun aşağı səviyyəsində və yalnız mühacirət etmək ümidi ilə yaşayan ermənilər regional sülh, sabitlik və əməkdaşlıqdan fayda götürən insanlar ola bilərlər\",deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə