Bakı-Quba-Rusiya magistral yolunda körpü uçub - YENİLƏNİB

Bakı-Quba-Rusiya magistral yolunda körpü uçub - YENİLƏNİB

Səhərə yaxın Bakı-Quba Rusiya Federasiyası yolunun 157-ci km-də, Quba rayonun Nügədi Qazmalar kəndi ərazisində yerləşən körpü uçub. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, uzunluğu 90 m olan körpünün uçması səbəbindən magistral yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Quba rayon 6 saylı Yol İstismar İdarəsinin rəisi Aydəmir Manafovun verdiyi məlumata görə, uzunluğu 90 m olan beynəlxalq əhəmiyyətli Qaraçay körpüsünün 33 metri dağılıb. Nəticədə magistral yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Aydəmir Manafovun sözlərinə görə, yağıntının çox olması və yaxınlıqda olan daş karxanalarının həmin körpünün uçan hissəsindən çınqıl və qum götürməsi nəticəsində onun bünövrəsi zəifləyib.


Qeyd edək ki, hadisə baş verərkən "QAZel\" markalı yük maşını çaya düşüb. "QAZel" nin sürücüsü Quba rayonu İqriq kənd sakini 39 yaşlı Ülfət Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Quba rayon 6 saylı Yol İstismar İdarəsinin, Fövqəlada Hallar Nazirliyinin, eləcədə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə