BQXK əsir və itkin düşmüş şəxslərin axtarışı üçün yeni layihə hazırlayıb

BQXK əsir və itkin düşmüş şəxslərin axtarışı üçün yeni layihə hazırlayıb

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyininrəhbəri Şerin Pollini Milli Məclis sədrinin müavini Bahar Muradova ilə görüşüb. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Bahar Muradova bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən də BQXK ilə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir. BQXK ilə əməkdaşlığımız bütün sahələrdə inkişaf edir. Biz bu təşkilatın Azərbaycandakı fəaliyyətini, xüsusən də əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların tapılmasındakı səylərini, cəbhəyanı ərazilərdə yaşayan insanların sosial problemlərinin həlli ilə bağlı həyata keçirdiyi layihələri yüksək qiymətləndiririk.

Bahar Muradova BQXK-nın rəhbərliyi və nümayəndələri ilə görüşlərini xatırladıb, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin bu təşkilatın vasitəçiliyilə axtarışı ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edildiyini diqqətə çatdırıb.

Söhbət zamanı Şerin Pollini BQXK-nın Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu deyib, rəsmi Bakının bu əməkdaşlığa verdiyi töhfəni yüksək qiymətləndirib. O bildirib ki, təşkilat hazırda Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin tapılması, geri qaytarılması və ya dəyişdirilməsi istiqamətində Azərbaycanda və Ermənistanda fəaliyyətini davam etdirir. BQXK-nın Bakıdakı nümayəndəliyi Azərbaycanın cəbhəyanı və sərhədyanı bölgələrində yaşayan insanlara da yardım edir. İnsanlara qrant şəklində maliyyə yardımı göstərilir, artezian quyuları qazılır, onların içməli su problemi həll olunur. Bu işlərdə BQXK Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə fəaliyyət göstərir.

Ş.Pollini onu da bildirib ki, BQXK əsir və itkin düşmüş şəxslərin axtarışında daha yüksək nəticələr əldə olunması üçün yeni layihə hazırlayıb. Layihənin həyata keçirilməsinə Azərbaycan Hökuməti razılıq vermişdir. Bu layihənin icrasına başlamaq üçün Azərbaycan Hökuməti, Səhiyyə Nazirliyi və BQXK arasında Anlaşma Memorandumu imzalanmalıdır. Hazırda bu istiqamətdə işlər davam edir.
Bahar Muradova nəzərdə tutulan yeni layihənin əhəmiyyətindən danışdı, Azərbaycan Parlamentinin də qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu və köməklik göstərməyə hazır olduğunu bildirib.
Sonra görüşdə Azərbaycanla BQXK arasında əməkdaşlığın perspektivləri, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə