Yoxsul ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı yeni qanun layihəsi hazırlanır

Yoxsul ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı yeni qanun layihəsi hazırlanır

Milli Məclisin Sosial Siyasət Komitəsində yoxsul ailələrin sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı yeni qanun layihəsi hazırlanır. SİA-nın xəbərinə görə, bu barədə məlumat verən millət vəkili Elmira Axundova bildirib ki, bu qanun cəmiyyət üçün çox əhəmiyyətli sənədlərdən biri olacaq. Onun sözlərinə görə, hazırda qanun layihəsinin hazırlanması istiqamətində müvafiq nazirliklərlə də iş aparılır. Hələ ki bu işə təzə başlandığını deyən millət vəkili vurğulayıb ki, bununla bağlı dünya təcrübəsi öyrənilir.

"Dünyanın müxtəlif ölkələrində belə qanunlar var. Məsələn, Rusiyada mənzil məsələsində cavanlara çox böyük güzəştlər var. Biz də MDB məkanındakı təcrübəni öyrənir, maraqlı müddəaları götürürük. Eyni vaxtda müəyyən dövlət qurumları ilə iş və ya danışıqlar aparılır. Çünki sabah qanun çıxanda onlar tərəfindən hansısa etirazlar olmasın. Əmək və Əhalinin Sosial Müdafiə, Maliyyə və Gənclər və İdman nazirlikləri ilə bu qanunun müddəaları müzakirə edilməlidir ki, sonradan hansısa problem olmasın. Hər bir ölkənin öz xüsusiyyətləri var. Genafond, qızla oğlan, ailə münasibətlərində hər bir ölkənin öz yanaşma tərzi, hər bir cəmiyyətin, millətin öz xüsusiyyətləri mövcuddur. Ona görə də bir prizmadan məsələyə baxılmamalıdır. Bu, cəmiyyət üçün həm maraqlı, həm də əhəmiyyətli qanun olacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə