BMT nümayəndəsi Qarabağa səfər edib

BMT nümayəndəsi Qarabağa səfər edib

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurtson Ağcabədi və Ağdam rayonlarına səfər edib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, qonaq adı çəkilən rayonlarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

Qonaq əvvəlcə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın rayon İcra Hakimiyyətində olub. Laçın rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov məlumat verib ki, 1992-ci ildə rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı 300 nəfərdən çox sakin şəhid olub, yüzlərlə insan əlil və şikəst edilib, onlarla uşaq bir və ya iki valideynini itirib. Rayonun bütün yaşayış məntəqləri ermənilər tərəfindən yandırılaraq məhv edilib, qədim tarix və mədəniyyət abidələri vandalizmə məruz qalıb. İşğal nəticəsində rayona 7 milyard ABŞ dolları miqdarında ziyan vurulub.

Tədbir iştrakçıları bildirib ki, doğma yurdlarından didərgin salınmış qaçınlılar hazırda respublikanın 58 rayonunda məskunlaşıb.

BMT rəsmisi daha sonra yeni istifadəyə verilmiş məcburi köçkün qəsəbəsinə gələrək uşaq bağçaları, məktəb, poliklinkanın fəaliyyəti ilə tanış olub, məcburi köçkünlərlə görüşüb. Daq Siqurtson Vağazin obasında və Ağcabədi şəhərindəki texniki peşə məktəbinin yataqxanasında məskunlaşmış laçınlı məcburi köçkünlərlə də görüşüb, onların yaşayış şəraiti ilə yaxından maraqlanıb.

Ağdam rayon İcra Hakimiyyətində keçirilən görüşdə iştirak edən qonağa Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların problemləri barədə ətraflı məlumat verilib.

Tədbir iştirakçıları bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə Ağdam rayonunun 73 faizi işğal edilərək talan edilib və dağıdılıb. Rayonun 180 min əhalisindən 140 mini məcburi köçkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə