İsmət Abasov Estoniya Respublikasının kənd təsərrüfatı naziri ilə görüşüb

İsmət Abasov Estoniya Respublikasının kənd təsərrüfatı naziri ilə görüşüb

Kənd təsərrüfatı naziri cənab İsmət Abasov Estoniya Respublikasının kənd təsərrüfatı naziri Helir-Valdor Seederin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub. Nazir İsmət Abasov Helir-Valdor Seederi səmimi salamlayaraq Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişafın cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aqrar sahədə əldə olunan nailiyyətlər və dövlətin aqrar sahəyə göstərdiyi qayğı haqqında ətraflı məlumat verib.

Nazir İsmət Abasov Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasında aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirildiyini vurğulayaraq bildirib ki, 2011-ci ildə Estoniya Respublikasından ölkəmizə 53,2 min ABŞ dollar dəyərində aqrar-sənaye məhsulları idxal edilib. Ölkəmizdən Estoniya Respublikasına isə 388,3 min ABŞ dollar dəyərində aqrar-sənaye məhsulları ixrac olunub.

İsmət Abasov iki ölkənin baytarlıq qurumları arasında heyvanların təhlükəli yoluxucu xəstəliklərinin vəziyyəti haqqında, bitki mühafizəsi və karantini sahəsində davamlı olaraq məlumat və təcrübə mübadiləsinin aparıldığını, karantin zərərli orqanizmlərin ölkələrimizin ərazilərinə daxil olmasının qarşısını almaq məqsədilə müvafiq fitosanitar tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb.

Nazir İsmət Abasov Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə aşağıdakı istiqamətlərdə təkliflərini nəzərə çatdırıb:

- "Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsinin hazırlanması;

-"Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsinin hazırlanması;

-"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Estoniya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsinin hazırlanması;

-dənli və dənli-paxlalı bitkilərin qarşılıqlı sınağının keçirilməsi və rayonlaşdırılması sahəsində əməkdaşlıq;

- Respublikada istehsal olunan meyvə-tərəvəz və konserv məhsullarının Estoniya Respublikasına ixracının artırılması;

- aqrar yönümlü təhsil və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlıq əlaqələrinin yaradılması.

Estoniya Respublikasının kənd təsərrüfatı naziri cənab Helir-Valdor Seeder səmimi qəbula görə, öz minnətdarlığını bildirib və aqrar sahədə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.


Məlumat üçün bildirək ki, tədbirə Ermənistan nümayəndə heyəti dəvət olunsa da lakin tədbirdə iştirak etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə