Dövlət başçısı telekanallarda yayımlanan mətbəx verilişlərindən danışdı
\"Azərbaycanda ərzağın keyfiyyətinə ciddi diqqət göstərilməlidir\". SİA-nın məlumatına Nazirlər Kabinetində keçirilən iclasda Prezident İlham Əliyev deyib ki, son zamanlar bu sahədə ciddi dönüş yaradılıb: "Əvvəlki dövrdə deyə bilərəm ki, bu sahə ümumiyyətlə diqqətdən kənarda qalmışdır və yoxlamaları aparan qurumlar əfsuslar olsun ki, vəzifə borclarını layiqincə yerinə yetirmirdilər. Onların yoxlamaları formal xarakter daşıyırdı. Yaxud da ki, gedib hansısa yoxlamanın aparılmasından sonra onlar qanunsuz tələblərdə də iştirak edirdilər. Beləliklə, həm yerli, həm xarici keyfiyyətsiz məhsullar bizim bazarımızı bürüyüb".
"Son müddət ərzində bu sahədə müsbətə doğru dəyişikliklər göz qabağındadır. Bu proses daim aparılmalıdır. Yerli sahibkarlar da bilməlidirlər ki, keyfiyyətsiz məhsul buraxsalar, onlar nəinki bazardan kənarlaşdırılacaqlar, cəzalandırılacaqlar. İdxala nəzarət daha da güclü olmalıdır. Əlbəttə ki, bu məsələnin həll yolları, yenə də deyirəm, daxili istehsalın artırılmasından keçir. Biz buna bir neçə ildən sonra nail olacağıq. Ancaq hələ ki, müəyyən dərəcədə idxaldan asılıyıq. Baxmalıyıq ki, bizə gətirilən məhsullar yüksək keyfiyyətə malik olsun. Çünki ərzaq təhlükəsizliyi, eyni zamanda, insanların sağlamlığı deməkdir. Bizim insanlar təmiz, keyfiyyətli qida almalıdırlar, təmiz, keyfiyyətli su içməlidirlər".
Prezident telekanallardakı mətbəx verilişlərinə də toxunub: "Bizim televiziya kanallarımız, demək olar ki, onların hamısı indi belə verilişlər, yəni mətbəxlə, yeməklərin bişirilməsi, hazırlanması ilə bağlı verilişlər təqdim edirlər. Birincisi onu demək istəyirəm ki, bu da xaricdən gələn bir meyildir. O ölkələrdə ki, evlərdə yemək bişirilmir, onlar üçün bəlkə bu, daha da aktualdır. Təbii ki, Azərbaycanda evlərdə bişirilən yemək, indi istənilən restorandan daha da yaxşıdır, ləzzətlidir. Amma bu, bir dəbdir, bizə də gəlib çatıb. Mən etiraz etmirəm, olsun. Ancaq bir şərtlə ki, orada göstərilən reseptlər və yeməklərin bişirilmə qaydaları insanların sağlamlığına mənfi təsir göstərməsin. Mən o verilişlərə hərdənbir baxıram və bəzi hallarda çox ürək ağrısı ilə görürəm ki, indi yağın içində üzən yeməklər təbliğ edilir. Axı olmaz. Bu yeməkləri gündə yeyən insan xəstələnəcək. Yəni, nə qədər gülməlidisə, bir o qədər də faciəvidir. Doğrudan, biz sağlam həyat tərzini təbliğ edirik. İnsanları pis vərdişlərdən çəkindirməyə çalışırıq, idmanı təbliğ edirik, siqaret çəkənə müsbət münasibət ola bilməz. Alkoqollu içkilərə aludə olanlar qınaq obyektinə çevrilməlidir. Belə olan halda, bizim bəzi kanalların insanlara verdikləri təkliflər əlbəttə ki, çox məyusedicidir. Mən özəl kanalların siyasətinə qarışmaq fikrində deyiləm. Ancaq məsləhət verə bilərəm ki, insan orqanizmi üçün sağlam reseptləri daha çox tətbiq etsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB