Toy karvanında qayda pozanlara qarşı reydlər başlayacaq

Toy karvanında qayda pozanlara qarşı reydlər başlayacaq

Vaqif Əsədov: "Toy mövsümünün başlaması yollarda nəqliyyatın sıxlığının yaranmasına səbəb olub"


Bakının Yol Polisi toy karvanında qayda pozanlara qarşı reydlərə başlayacaq. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.


Onun sözlərinə görə son zamanlar paytaxt yollarında təmir-tikinti işlərinin aparılması, toy mövsümün başlaması ilə əlaqədar yollarda nəqliyyatın sıxlığı yaranıb: "Bəylə gəlini müşayiət edən maşın karvanında iştirak edən sürücülər tərəfindən şadlıq sarayları istiqamətinə gedən yollarda yolun bütöv hərəkət zolağının tutulması, lüzumsuz olaraq səs siqnallarından istifadə edilməsi halları artıb.


Toy karvanında hərəkət edən avtomobillər yolun sağ çiyni ilə bir xətt üzrə ardıcıl hərəkət etməli, yol boyu yol hərəkəti nişanlarının tələblərinə riayət etməlidirlər. Bu halların qarşısını almaq məqsədilə reydlər başlanılacaq və toy karvanlarında qayda pozanlara qarşı ciddi tədbirlərin görüləcək", - deyə, V.Əsədov bildirib.


Şöbə rəisi sözlərinə əlavə edib ki, paytaxt yollarında hərəkətə nəzarət edən kameralar vasitəsilə əldə olunan məlumatlar əsasında yol polisi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı kobud qayda pozuntuları edən sürücülər aşkarlanıb: "Ötən həftənin şənbə və bazar günlərində 3 toy karvanında 8 sürücü tərəfindən yol hərəkəti qaydalarının pozulması faktı aşkar edilib. Həmin sürücülər barəsində inzibati protokol tərtib olunub və onlar cəzalandırılıb. İdarə paytaxt yollarında tıxacların, yol qəzalarının, ləngimələrin qarşısını almaq məqsədilə əhaliyə xəbərdarlıq edir".

Bütün xəbərlər Facebook səhifəmizdə