Millət vəkili narkotikin məktəblilər arasında aşkarlanmasını repetitorluqla əlaqələndirdi

Millət vəkili narkotikin məktəblilər arasında aşkarlanmasını repetitorluqla əlaqələndirdi

"Bu günlərdə səhiyyə naziri Elsevər Ağayevin artıq narkotiklərin məktəblərdə də aşkarlanması ilə bağlı açıqlaması vəziyyətin son həddə olduğunu göstərir. Bu çox ciddi bir siqnaldır". SİA-nın xəbərinə görə, bu barədə Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova məlumat verib. O bildirib ki, vaxtilə narkoticarətçilərin məktəblərin ətrafında özünə yer tapması, yuxarı sinif şagirdlərinin özləri ilə məktəbə narkotik gətirməsi məsələsini zaman-zaman qaldırsaq da məsələnin düzgün olmadığı deyilirdi, amma artıq faiz o yerə gəlib çatıb ki, bu haqda susmaq və ya məsələni danmaq mümkün deyil.

"Burada ən ciddi məsələ məktəblə ailə arasında pozulan əlaqədir. Çünki məktəblə ailənin arasında ciddi əlaqə varsa, valideyn uşağının məktəbə gedib-getməməsindən xəbərdardırsa, müəllim heyəti uşağın dərsə gəlib-gəlməməsi və yaxud yaxşı-pis hiss etməsi haqqında məlumat verirsə, heç bir zaman məktəbli nə narkotikə qurşana bilməz, nə kriminal qrupa getməz, ümumiyyətlə, assosial davranış göstərə bilməz. Burada bir nömrəli məsələ məktəblə ailə arasındakı əlaqənin pozulması və aradan qaldırılmasıdır. Bunun ən böyük səbəblərindən biri də valideynlərin kütləvi sürətdə repetitorluğa üz tutumasıdır. Uşaqların məktəbə deyil, repetitor yanına göndərilməsi uşaqların tərbiyəsində ciddi çatlar yaradır. Uşaqlar məktəbin qayda-qanunu, nizam-intizamından uzaqlaşır. Digər ən mühüm məsələrdən biri isə məktəbli formasıdır. Uşağı tərbiyə etməyin ən vacib məsələrdən biri də budur", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə