Avropa Parlamentinin üzvü İdarəçilik Akademiyasının fəxri doktoru oldu

Avropa Parlamentinin üzvü İdarəçilik Akademiyasının fəxri doktoru oldu

Azərbaycanda səfərdə olan Litva Respublikasının keçmiş dövlət başçısı, ölkə Seyminin keçmiş sədri, Avropa Parlamentinin üzvü Vitautas Landsbergisə bu gün Dövlət İdarəçilik Akademiyasının (DİA) fəxri doktoru adı verilib.

Akademiyada bununla bağlı keçirilən görüşdə V.Landsbergisə fəxri doktor diplomu, mantiya, xatirə medalı və hədiyyələr təqdim edilib. DİA-nın rektoru, akademik Urxan Ələkbərov Litva və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində V.Landsbergisin xidmətlərindən danışıb.

Rektor bildirib ki, V.Landsbergis bir sıra Avropa ölkələrinin yüksək dövlət mükafatları ilə təltif olunub. 30-dan artıq kitabın müəllifi, bəşəri dəyərləri təbliğ edən əsərləri ilə xalqımıza yaxşı tanış olan V.Landsbergisin siyasi publisistikasında "Azərbaycanın faciəsi" məqaləsi onu bizə daha da doğmalaşdırır. Həmin məqalə müstəqillik tariximizin qanlı səhifələrindən olan 20 Yanvar hadisələrinə həsr edilib.

Litvalı qonaq Azərbaycanın sürətli və davamlı inkişaf yolunda olduğunu, beynəlxalq arenada artan nüfuzunu, Avropa Parlamenti ilə səmərəli əməkdaşlığını xüsusi vurğulayıb və bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

DİA-nın ilk fəxri doktoru seçilməsindən məmnunluğunu ifadə edən V.Landsbergis akademiyanın rəhbərliyinə minnətdarlığını bildirib, kollektivə uğurlar arzulayıb.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin təmsilçiləri, Litvanın ölkəmizdəki səfiri Kestutis Kudzmanas və səfirliyin əməkdaşları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə