Türkiyə nümayəndə heyəti Milli QHT Forumunda olub - FOTO

Türkiyə nümayəndə heyəti Milli QHT Forumunda olub - FOTO

Ölkəmizdə işgüzar səfərdə olan türkiyəli millət vəkili, Qara dəniz İqtisadi Birliyi Parlamentlər Assambleyasında Türkiyə qrupunun rəhbəri İsmayıl Safi , Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin icraçı direktoru Hikmət Eren və millət vəkili Qənirə Paşayeva ilə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyninin Milli QHT Formunun ofisində görüşü keçirib. MQF-dan SİA-ya daxil olan məlumata görə, QHT rəhbəri R. Zeyni MQF haqqında qonaqlara qısa məlumat verdikdən sonra türkiyəli millət vəkili İsmayıl Safi səfərinin məqsədini açıqlayıb. Avrasiya Sivil Toplum Kuruluşlarının gələcəkdə bir təşkilatda birləşməsini vurğulayan İsmayıl Safi MQF-yə bu təklifi dəstəklədiyinə görə minnətdarlığını bildirib. Eyni zamanda, gələcəkdə İstanbul və Ankarada Avrasiya Sivil Toplum Kuruluşu Federasyonunun təsis konfransının keçirilməsini məqsədəmüvafiq hesab etib. Rauf Zeyni MQF-də belə bir təklifin 2005-ci ildən irəli sürüldüyünü , Avrasiya Sivil Toplum Kuruluşu Federasyonunun yaradılmasının mütərəqqi bir addım olduğunu, eyni adda saytın yaradılmasının da Avrasiya məkanında fəaliyyət göstərən QHT-lərin fəaliyyətinə qısa müddət ərzində müsbət təsir göstərəcəyini qeyd edib.

Azərbaycana gəlişindən məmnun qalan qonaq qarşılıqlı səfərlərin mütəmadi təşkil olunmasını, Azərbaycan- Türkiyə arasında və həmçinin Avrasiya məkanında ictimai münasibətlərin genişlənməsinə müsbət təsir göstərdiyini bildirib. Qeyd edək ki, sonda İstanbul millət vəkili Dr. İsmayıl Safi Türk dünyasının inkişafında və Avrasiya Sivil Toplum Kuruluşlarının inteqrasiya olunmasında göstərdiyi əvəzsiz xidmətlərinə görə, MQF tərəfindən fəxri fərmanla təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə