Millət vəkili Elmira Axundova Avropa Şurası və digər beynəlxalq təşkilatlara kəskin etirazını bildirib. SİA-nın xəbərinə görə, millət vəkili jurnalistlərə açıqlamasında bildirib ki, bu gün uşaq hüquqları ilə bağlı danışarkən Avropa Şurası məhz bu məsələyə diqqət yetirməlidir.
E.Axundova təəssüf hissi ilə qeyd edib ki, Avropa Şurası tərəfindən reallaşdırılan "Uşaqlara qarşı zorakılıq" proqramı çərçivəsində keçirilən tədbirlərdə, müzakirələrdə bu haqda bir kəlmə belə olsun danışılmır, narahatçılıq doğuran problemlər dilə gətirilmir: "Çünki bunlar Avropa Şurasına sərfəli deyil. Onlar bizim dərdimizə şərik deyillər. Onlar səmimi deyillər və mən onların səmiyyətinə inanmıram. Niyə görə bizim dərdimizi görmürlər? 20 ildir biz əziyyət çəkirik. Azərbaycanda uşaq hüquqları, uşaqlara qarşı zorakılıq halları ilə bağlı bir o qədər də ciddi narahatçılıq doğuran problemlər yoxdur. Başqa problemlər var ki, minlərlə insan, o cümlədən uşaqlar erməni qəsbkarlarının təcavüzü nəticəsində pis, ağır vəziyyətdirlər. Bundan danışmaq lazımdır. Ona görə də beynəlxalq təşkilatlara etiraz edirəm", - deyə o əlavə edib.
E.Axundova Azərbaycan cəmiyyətində qanunların daha mütərəqqi və mükəmməl olduğunu deyib. Onun sözlərinə görə, qanunların icrası və onlara riayət olunmaısnda müəyyən problemlər var: "Düzdür, uşaqların müəyyən problemləri var və biz bunları inkar etmirik. Amma mənim Avropa Şurası və başqa beynəxlalq təşkilatlara müraciətim ondan ibarətdir ki, onlar Azərbaycan həqiqətlərinə həssaslıqla yanaşsınlar. Çünki bizim ölkəmizin uşaqları 90-ci illərin əvvəllərindən erməni faşistlərinin tapdağı altında olublar. Yüzlərlə, minlərlə uşağımız, məktəblimiz, şagirdimiz erməni təcavüzkarlarının, faşistlərinin qurbanı olublar, əsir və girov götürülüblər, qətlə yetiriliblər. Beynəxlalq təşkilatlar buna qarşı öz etiraz səslərini qaldırmalıdır. Bizdə əsas problem odur ki, uşaqlarımızı bu gün də çətin psixoloji durumdadır. 20 ildən artıqdır ki, müharibə gedir və bunun nəticəsində minlərlə uşağımız, şagirdimiz öz torpağında yaşamaq, doğma yurd yerlərində təhsil almaq hüququndan məhrum olublar. İstərdim ki, Avropa Şurası Azərbyacanda bu kampaniyanı keçirəndə ölkəyə başqa gözlə baxardı ki, sizin uşaqlar başqalarına nisbətən daha ağır vəziyyətdədir. Çünki sizdə müharibədir, amma təəssüflər olsun ki, müharibə haqqında heç bir söz eşitmədim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB