Bu gün Səbail rayonundakı 132-134 saylı Təhsil Kompleksində Avropa Şurasının "Uşaqlara qarşı zorakılıq" proqramı çərçivəsində Milli Məclis tərəfindən "Biz zorakılığa yox deyirik!" mövzusunda tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, uşaqlarla iş, onların problemlərinin həlli dövlətin, cəmiyyətin bütün təbəqələrinin diqqət mərkəzində olmalıdır.
Onun sözlərinə görə, hər gün dünyada orta hesabla 24 min beş yaşına çatmayan uşaq qarşısı alınması mümkün olan xəstəliklərdən tələf olur. İcra başçısı qeyd edib ki, ildə təxminən 500 milyon-1,5 milyard uşaq müxtəlif zorakılığa məruz qalır: "150 milyon 5-14 yaşlı uşaqlar uşaq əməyinə cəlb olunur, 100 milyon ibtidai təhsil yaşlı uşaq təhsildən kənarda qalır. Qızların erkən nigaha girməsi onların sağlamlığına ciddi zərər vurur. Bu gün Azərbaycan əhalisinin 29%-ni uşaqlar təşkil edir. Səbail rayonunda yaşayan 93772 nəfər əhalinin 26,5%-ni uşaqlardır. Rayonda 17 orta, 2 orta ixtisas təhsil müəssisəsi, 1 peşə məktəbi, 17 məktəbəqədər tərbiyə müəssisəsi, 3 yaradıcılıq mərkəzi, uşaq-gənclər idman mərkəzi, müsiqi məktəbi fəaliyyət göstərir. Rayonun orta məktəblərində 21324 uşaq, bağçalarda isə 1790 təhsil təlim-tərbiyə alır. Təhsil ocaqlarının hər birinin fəaliyyəti uşaqların sağlam və bilikli böyüməsinə yönəlib. Təbii ki, ölkə rəhbərliyinin səyləri nəticəsində onlara olan diqqət və qayğı günbəgün artmaqdadır".
Millət vəkili Sevinc Fətəliyeva isə uşaqlara qarşı zorakılığın hər zaman gündəmdə olduğunu deyib. O bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd uşaqların bu sahədə daha çox maarifləndirilməsi, onları maraqlandıran məsələlərlə daha yaxından tanış olmaqdır. Millət vəkilinin sözlərinə görə, Azərbaycanda uşaq hüquqlarının qorunması hər zaman ön plandadır: "Bu işdə valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Əgər valideynlər uşaqları ilə daha yaxından maraqlansa, onların problemlərini qismən də olsa həll etmiş olar".
Tədbirin davamında çıxış edən məktəblilər də uşaq zorakılığı ilə bağlı fikirlərini bölüşüblər. Millət vəkilləri isə məktəbliləri maraqlandıran sualları cavablandırıb və qarşılıqlı fikir mübadiləsi də aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB