DİN-nin rəsmisi: “Azyaşlı qızların sosial şəbəkələrdə tanışlığı sonda cinsi zorakılığa gətirib çıxarır”

DİN-nin rəsmisi: “Azyaşlı qızların sosial şəbəkələrdə tanışlığı sonda cinsi zorakılığa gətirib çıxarır”

Uşaqlar arasında sosial şəbəkələrə marağın gündən-günə artmağının sonu xoşagəlməz hallarla nəticələnir. SİA-nın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Hüseyn Əliyev deyib.

O bildirib ki, gənclərin əksəriyyətinin bilik və bacarıqlarının artırılması üçün bu xidmətlərdən istifadə etməsinə baxmayaraq, uşaqların bəziləri Facebook, Odnoklassniki və Twitter kimi tanınan sosial şəbəkələrə daxil olaraq erotik və pornoqrafik görüntülərə baxırlar. Onun sözlərinə görə, uşaqların sosial şəbəkələrdə pornoqrafik materiallara baxması onların əqli, mənəvi inkişafa mənfi təsir göstərir, hətta bir qismi insan alverinin qurbanına çevrilirlər.

"Artıq sosial şəbəkələr gənc və orta nəslin yox, azyaşlıların gündəlik oyun, ünsiyyət məkanlarından birinə çevrilib.Valideyn nəzarətindən kənar qalan azyaşlı qızlar isə bu şəbəkələrdə əks cinc nümayəndələrinin təsirinə düşərək onlarla ünsiyyət qururlar. Sonda bu tanışlıq cinsi zorakılığa gətirib çıxarır və onlar da yaş ötdükcə, insan alverinin qurbanlarına çevrilirlər", - deyə o əlavə edib.

H.Əliyev qeyd edib ki, 2011-ci il ərzində Bakı şəhərində uşaqlara qarşı zorakılıqla bağlı 184 cinayət hadisəsi qeydə alınıb: "Onlardan 44 fakt döymə, 21 fakt 16 yaşına çatmayan şəxslərlə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər, 34 fakt yol nəqliyyat hadisəsi, 14 fakt xuliqanlıq, 10 fakt qəsdən sağlamlığa zərər vurma və sair cinayətlərdir. 2012-ci ilin ilk üç ayı ərzində isə uşaqlara qarşı zorakılıqla bağlı bu göstərici 33 olub".

Bütün xəbərlər Facebook səhifəmizdə