Ölkədə yaşayan udinlər “Pasxa” və “Kala Axsibay” bayramlarını qeyd edib

Ölkədə yaşayan udinlər “Pasxa” və “Kala Axsibay” bayramlarını qeyd edib

Qəbələ rayonun Nic kəndində yaşayan udinlər "Pasxa" və "Kala Axsibay" bayramlarını təntənə ilə qeyd edib. SİA-nın verdiyi xəbərə görə, Nic qəsəbəsindəki Cotari alban kilsəsində təşkil olunan bayram mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Kilsənin keşişi, Alban-udin icmasının rəhbəri və icmanın üzvləri çıxış edərək "Pasxa" bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan danışmış, bayram münasibətilə insanları təbrik edib. Tədbir iştirakçıları Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət - din münasibətlərinin demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimləndiyini, hər bir kəsin dini etiqad azadlığının təmin olunduğunu vurğulayıblar.

Udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını qeyd edərək onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Kilsədə şamlar yandırılıb, dualar oxunub. Dini ayinlərin icrasından sonra "Cotari" kilsəsinin həyətində udin xalqının qədim "Kala Axsibay" bayramı qeyd olunub. Bayram tədbirində udin xalqının qədim ənənəsi , udin dilində ifa olunan mahnılar, müxtəlif yeməklər və şirniyyatlarla bəzədilən süfrələr təqdim edilib.

Qeyd edək ki, udin dilində böyük bayram adlandırılan "Kala Axsibay" 1836-cı ildə bir sıra səbəblərə görə Alban kilsəsinin bağlanmasından sonra rəsmi olaraq qeyd olunub. Udinlər kilsəyə getmədən ibadətlərini evlərində ediblər. Yalnız 2002-ci ildə əsaslı təmir və bərpa olunan "Cotari" məbədi udinlərin istifadəsinə verilib. Məbəd müqəddəs Yeliseyin adını daşıyır. "Cotari" alban kilsəsi (məbədi) Qəbələ rayonunun Nic kəndində tarixi baxımdan ən əhəmiyyətli abidələrdən biridir. Alban-udin kilsəsi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçılarından (I-II əsrlər) olub. İsa peyğəmbərin həvarilərindən (apostol) olmuş müqəddəs Yeliseyin şərəfinə tikilən kilsə böyük zaldan və onun üzərində ucaldılan çadırabənzər dam ilə örtülmüş kiçik zəng qülləsindən ibarətdir. Kilsə dördkünc planda inşa edilib. Kilsənin tikintisində Qəbələnin dağlarından gətirilən daşlardan istifadə olunub. Kənddə daha iki qədim alban kilsəsi vardır.

Xatırladaq ki, Nic tolerantlığın kiçik modeli hesab edilir. Qəsəbədə 3 kilsə, iki məscid vardır. Hər məhəllədə müsəlman və xristianların ziyarət etdiyi 5-7 pir vardır. Altı min əhalisi olan olan qəsəbədə 3700 nəfər udin yaşayır. Azərbaycanda 4000 udin yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Qəsəbədəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə