Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha bir qətnamə qəbul olunub

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha bir qətnamə qəbul olunub

Beynəlxalq Gənc Demokratlar İttifaqının (İYDU) İdarə Heyətinin Beyrutda keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul olunub.


Avropa Azərbaycan Cəmiyyətinə istinadən verilən məlumata görə, qətnamədə Dağlıq Qarabağ münaqişəsinin 20 ildən çoxdur həll olunmadığı bildirilir. Sənəddə münaqişənin xronologiyası geniş şəkildə əks olunub və problemin həlli üçün təkliflər irəli sürülüb.


Qətnamə müəllifləri münaqişə tərəflərini dinc və konstruktiv yanaşma ilə danışıqları dalandan çıxarmağa, status kvo-nu dəyişməyə və xalqlar arasında etibar və əməkdaşlığı inkişaf etdirməyə çağırıblar: "Biz BMT, Avropa Birliyi və Avropa Şurasını Dağlıq Qarabağ və yeddi ətraf rayon ətrafında münaqişənin sülh yolu ilə, beynəlxalq hüquqa əsasən həlli və qəbul etdikləri qətnamələrin yerinə yetirilməsi üçün səylərini gücləndirməyə çağırırıq. Biz Avropa Birliyini Minsk Qrupunda Fransanı əvəz etməklə münaqişənin həllində birbaşa rol oynamağa və status quo-dan mərhələli şəkildə çıxmağa yardım etməyə çağırırıq. Avropa Birliyi həmçinin Şərq Tərəfdaşlığı, Avronest çərçivəsində Ermənistan və Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlıq üçün imkan yaratmalıdır. Biz BMT Təhlükəsizlik Şurasını bir daha mövqeyini nəzərdən keçirməyə və beynəlxalq hüququn qorunmasında liderliyini göstərməyə çağırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə