Fikrət Akçura: “BMT Təhlükəsizlik Şurasında Qarabağ münaqişəsi gündəmə gətirilə bilər” - AÇIQLAMA
Bu gün Azərbaycanın Birləşmiş Millətlər Təşkilatında (BMT) təmsil olunan yetərli sayda nümayəndəsi yoxdur. Biz istəyirik ki, BMT-də Azərbaycandan olan daha çox insan çalışsın və onların istədiyi məsələlər də müzakirə edilsin. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi, səfir Fikrət Akçura deyib.
O vurğulayıb ki, bu il Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü seçilməklə növbəti 2 il ərzində dünyanın sülh prosesində iştirak edəcək. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə BMT Təhlükəsizlik Şurası səviyyəsində münasibət bildirilib.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etdiyini xatırladan səfir qeyd edib ki, ATƏT-in Minsk qrupu yaradılandan sonra 4 qətnamənin icrası məsələsi Minsk Qrupuna həvalə olunub: "Amma, çox təəssüf ki, münaqişə 20 ildir həllini tapmayıb. Artıq ciddi irəliləyiş əldə olunmadığı üçün insanlar da narahatdırlar. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu üçün bu məsələni orada hər zaman gündəmə gətirə bilər. Bəlkə də bu 2 il müddətində Azərbaycanın təşəbbüsü ilə BMT TŞ Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirə bilər. Bu məsələ daha çox Azərbaycanın təşəbbüsündən asılıdır. Münaqişənin həlli ilə bağlı qətnamənin qəbulu üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkənin razılığı lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB