Gənclər beynəlxalq sərgidə iştirak edəcək

Gənclər beynəlxalq sərgidə iştirak edəcək

"Gənclərin XII Ümumrusiya elmi-texniki yaradıcılıq sərgisi HTTM-2012" adlı sərgi iyunun 26-da Rusiya Federasiyasının Moskva şəhərində start götürəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sərginin əsas məqsədi yaradıcı gənclərin aşkar olunması və dəstəklənməsi, onların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasına şəraitin yaradılması, gənclərin elmi fəaliyyət və elmi-texniki yaradıcılıqda iştirakının səmərəliliyinin artırılması, bununla da MDB iştirakçı dövlətlərinin vahid elmi-tədris məkanının inkişafıdır.

"Gənclərin XII Ümumrusiya elmi-texniki yaradıcılıq sərgisi HTTM-2012" sərgisində iştirak şərtlərinə gəldikdə isə, buraya yaşı 30-dək olan gənc alimlər, ixtiraçılar, tədqiqatçılar, konstruktorlar, ali təhsil müəssisələrinin tələbə və aspirantları, elmi-texniki layihələrin müəllifləri qatıla bilər. Tədbirdə iştirak haqqında əlavə məlumatı www.nttm-expo.ru saytından və sərginin məlumat kitabçasından əldə etmək olar.

Sərgidə iştirak etmək arzusunda olan gənclər tələb olunan sənədlər və ərizə formasını 19 aprel 2011-ci il tarixinədək Gənclər və İdman Nazirliyində doldurmalıdırlar. Sərgi iştirakçıları tərəfindən təqdim olunmuş layihələr tədbirin müsabiqə proqramında da iştirak edəcək. İştirakçıların sərgi çərçivəsində təşkil olunacaq seminar, dəyirmi masa, master-klass və s. kimi tədbirlər də iştirak edəcəyi nəzərdə tutulur.

Sərgi iyunun 29-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə