ATƏT-in Bakı ofisi aprelin 16-dan etibarən iki həftə ərzində Azərbaycanın ATƏT-ə üzv olmasının 20-ci ildönümü münasibətilə bir sıra maarifçilik tədbirləri keçirəcək. Bu barədə SİA-ya ATƏT-in Bakı ofisindən məlumat verilib.
Bildirilib ki, ictimaiyyəti ATƏT-in və təşkilatın Bakı ofisinin fəaliyyəti haqqında məlumatlandırmaq üçün dövlət orqanlarının, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə "dəyirmi masa"lar, universitetlərdə mühazirələr təşkil olunacaq. Ayın 16-da ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay Bakı Slavyan Universitetində ATƏT ilə Azərbaycan arasında əməkdaşlığın 20 illiyinə dair mühazirə söyləyəcək. O, bir gün sonra Mingəçevirdə hüquq məsləhəti üzrə mərkəzin açılışında və "Azərbaycanın iqtisadi inkişafında kiçik və orta səviyyəli müəssisələrin rolu" mövzusunda keçiriləcək "dəyirmi masa"da iştirak edəcək. Aprelin 19-da K.Tarqay Sumqayıtdakı Hüquqi Resurs Mərkəzində olacaq.
Aprelin 22-də Xəzər Universitetində ATƏT modeli ilə bağlı konfrans, iki gün sonra Azərbaycan Diplomatik Akademiyasında "ATƏT-Azərbaycan: fəaliyyət sferası və prioritetlər" mövzusunda "dəyirmi masa" təşkil ediləcək. Ayın 25-də K.Tarqay televiziya kanallarının birində ATƏT-in Bakı ofisi və Mətbuat Şurasının dəstəyi ilə təşkil olunacaq tok-şouya qatılacaq.
Aprelin 26-27-də isə ATƏT-in Bakı ofisinin və Ombudsman Aparatının təşkilatçılığı ilə "Milli preventiv mexanizm çərçivəsində saxlanma şəraitinin monitorinqi və hesabatlılıq vərdişləri" mövzusunda seminar keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB