Cümşüd Nuriyev: "İran liderləri öz yalanlarına özləri inanmağa başlayıblar" - MÜSAHİBƏ (SəsTV)
Son vaxtlar bəzi qruplaşmalar Azərbaycanda fəallaşaraq ölkədə terror aktı törədəcəklərini iddia edirlər. Bu cür hədəli çıxışların əsas səbəbləri, arxasında duranlar və ehtimal edilən nəticələri barədə politoloq Cümşüd Nuriyevdən SəsTV münasibət öyrənib.
- Cümşüd müəllim, bölgələrdə terror aktı törətmək istəyən qruplara qarşı əməliyyat keçirilir. Bu məsələyə münasibətiniz necədir?
- Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi çoxdandır bu işlə yaxından məşğul olur. Çünki bildiyiniz kimi Nazirlik çərçivəsində hansısa əməliyyatı həyata keçirmək üçün ən azı 6 ay müşahidə aparılmalıdır. 2009-cu ildə Konstitusiyada dini qruplaşmaların milli təhlükəsizliyi pozmasına dair qanuna əlavələr edildi. Əslində MTN ilin bütün aylarında ölkənin təhlükəsizliyi ilə bağlı tədbirlər həyata keçirir. Sadəcə, Azərbaycanda yeganə nazirlikdir ki, öz fəaliyyətləri haqda məlumat vermək onlara qadağandır. Sadəcə əməliyyatları haqda qısa məlumat verilir, bu da sırf gördükləri işin media üzərindən ictimaiyyətə çatdırılması üçündür. Azərbaycanda din pərdəsi altında bəzi qrupların təşəkkül tapması ilə bağlı mətbuatda bir çox fikirlər səslənib. Onlarının əsas məqsədi din pərdəsi altında terroru ixrac etməkdir. Düşünürdülər ki, Azərbaycanda bu məqsədi həyata keçirmək üçün əlverişli mühit var. Amma təbii ki, bu belə deyil və ona görə də bəzi problemlər yaşana bilər.
- Sizcə, bu qruplaşmaların arxasında maraqlı olan xarici dövlətlər varmı?
- Əslində vəhabiliyin xarici dövlətlərə ixracı ilə Qatar məşğul olur. Küveyt də nisbətən onlara köməklik göstərir. Mənə elə gəlir ki, Gəncə hadisələri burada əsas maraqlı olanın şimal qonşumuz Rusiya olduğunu göstərdi. 2007-ci ildə sənəd üzərində Rusiyada öldürülən şəxsin Azərbaycana gəlməsi də bununla bağlıdır. Bunun arxasında əsas 2 istiqamət durur. Birincisi, Azərbaycanın Qəbələ RLS, ikincisi isə Transxəzərlə bağlı demarş etməsidir. Çox təəssüf ki, bu məsələlərdə Azərbaycan müxalifəti xalqı dəstəkləmədi. Əslində birmənalı şəkildə dövləti və xalqı ayağa verdilər. Çünki burada əsas məqsəd Azərbaycanı öz iqtisadi maraqları naminə istifadə etməkdən ibarət idi. Bu xidmətin arxasında isə təbii ki, xarici qüvvələr durur. Nə qədər ki, Rusiyada Putinin andiçmə mərasimi keçirilməyib, onlar səssiz müharibəyə davam edəcəklər. Bu məsələdə şimal və cənub qonşularımızın maraqları üst-üstə düşür. Çünki Rusiya Qafqazdan çəkilmək istəmir, eyni zamanda Rusiya ABŞ-ın ikipilləli Rimler nəzəriyyəsini də həyata keçirməsini istəmir. Çünki burada İranın işğalı və tərkibində yeni 5 dövlətin yaranması məsələsi var. İranın bizə hücumunun arxasında duran isə həmin işğaldan sonra yaranacaq müstəqil dövlətlərdən birinin də Azərbaycan olacağını düşünməsidir. Mən xüsusilə qeyd etmək istərdim ki, İran burada tamamilə səhv yoldadır. Çünki bu Azərbaycanın planı deyil. Azərbaycan sadəcə, öz ərazi bütövlüyüsnü təmin etməklə məşğuldur. Çox təssüf ki, İran liderləri islamı elə fanatlaşdırıblar ki, onlar artıq öz yalanlarına özləri inanmağa başlayıblar. Mən burada bir məqamı diqqətə çatırmaq istərdim. Erməni yazıçılardan biri öz əsərində qeyd edir ki "Biz ermənilər yalanı danışırıq, sonra özümüz danışdığımız yalana özümüzü inandırırıq. Hansısa ağıllı yalan olduğunu görüb bizə inanmayanda isə onu qınayırıq". Hazırda İran bu ideya ilə çıxış edir. Son zamanlar konkret olaraq bütün danışıqların arxasında təhqirdən belə keçirlər. İran bizi ermənilərə satır, xarici işlərimizə qarışmağa çalışır, bunlar öz yerində, amma bütün hallarda Azərbaycanda terror törətmək istəyən və ölkəmizi narkotrafik bölgəyə çevirmək istəyən dövlətə qarşı Azərbaycan hansı addımı atmalıdır ki? Bəli, həbs olunan 22 nəfərin Azərbaycanda terror törətmək niyyətində olduqları açıq-aşkar göründü. Sadəcə, onlar Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin gözləmədikləri halda bu cür peşakar addım atmasına təəccüb edirlər. Eyni zamanda bu peşakarlıq onları narahat edir.
- Cümşüd müəllim, Azərbaycanda Dini Qurumlar üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi kimi qurumlar fəaliyyət göstərir. Sizcə, bütün bu məsələlərdə dini qurumlarımız da zəiflik göstərmirmi?
- Əvvəla Qafqaz Müsəlmanları İdarəsi Qeyri Hökumət Təşkilatı olduğuna görə, onların bu cür məsələlərə müdaxilə etmək haqqı yoxdur. Bundan başqa Azərbaycan dünyəvi dövlətdir. Sadəcə, müsəlman dövləti olduğumuzdan ümummilli lider Heydər Əliyev Dini Qurumlar üzrə Dövlət Komitəsini də yaratmışdı ki, Azərbaycana qarşı dini ideologiya ilə mübarizə aparmaq mümkün olmasın. Çox təəssüf ki, bu qurumun fəaliyyəti ürəkaçan deyil. Yəni bu günə qədər bu qurumla Təhsil Nazirliyi arasında həll edilə bilməyən problemlər mövcuddur. Bunların da ən başlıcası orta məktəblərdə ilahiyyatla bağlı dərslərin təyin edilə bilməməsidir. Hərhal da müsalman dövləti olaraq biz övladlarımıza uşaq yaşlarından İslamın mükəmməlliyini, demokratikliyini aşılasaq, böyüyüb özlərini dərk edəndə belə problemlər yaşanmaz. Digər tərəfdən təbii ki, burada ancaq qurumlara yox, Qafqaz Müsəlmanlarının Ruhanilər İdarəsinə də, mediaya da bəzi məsuliyyətlər yüklənməlidir. Yəni əgər insanların bu mövzularda təsirə düşməsini istəmiriksə o zaman ciddi addımlar atmalı və əlimizdən gələni etməliyik ki, hər kəs dinin anlamını dərk etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB