Qatil ana, yoxsa ruhi xəstə - ARAŞDIRMA

Qatil ana, yoxsa ruhi xəstə - ARAŞDIRMA

Goranboyda ana öz övladını boğaraq öldürüb. Hadisə rayonun Balakürd kəndində baş verib. 40 yaşlı ana Pərvanə Kərimova yaşadığı evdə 1-ci sinifdə oxuyan qızı Nuranə Quliyevanı boğaraq qətlə yetirib. Ana öncə uşağı döyüb, sonra isə əlləri ilə boğub. Hadisəyə səbəb azyaşlı qızın dərslərinə yaxşı hazırlaşmaması olub. Hüquq-mühafizə orqanlarının apardığı araşdırma zamanı məlum olub ki, Pərvanə Kərimova 2003-cü ildə 4 aylıq oğlunu da suda boğaraq öldürdüyü üçün cinayət məsuliyyətinə cəlb edilib. Bir müddət Gəncədə Ruhi-Əsəb Dispanserində müalicə olunub. P.Kərimova hazırda psixi vəziyyəti ilə əlaqədar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov hesab edir ki, 7 yaşlı uşağın qətlini nəyləsə əsaslandırmaq, hansısa amili şərt kimi irəli sürmək mümkün deyil. Y.Bəkirov SİA-ya açıqlamasında bunun qatı bir cinayət olduğunu və cinayətkarın bütün hallarda ən ağır şəkildə cəzalandırılmalı olduğunu dedi: "Burada konkret cinayət əməli var. Heç bir amil ananın öz övladını, həm də azyaşlı bir uşağı qətlə yetirməsinə səbəb kimi göstərilə bilməz. Düzdür, istintaq aparılacaq, ananı dindirəcəklər, hadisənin hansı səbəbdən baş verdiyini soruşacaqlar və bilmirəm, bəlkə 10 il, bəlkə 15 il azadlıqdan məhrumetmə cəzası verəcəklər. Bu, istintaq orqanlarının işidir. Amma ananın hansı cəzanı alması bu cinayətin miqyasını, ölçüsünü kiçiltmir, dəyişmir. Övlad böyük olsaydı, deyərdin, bəlkə özünü pis aparırmış, nəsə tələb edirmiş. İndiki hadisədə söhbət 7 yaşlı uşaqdan gedir. 7 yaşlı uşaq nə edə bilər ki, ana onun \"cəzasını\" ancaq qətldə görsün?!. Uzaqbaşı dərslərini zəif oxuyub".

Yusif Bəkirov deyir ki, bir çox qətl hadisələrində cinayətkarın cəzasını azaltmaq məqsədilə onun ruhi xəstə, hadisəni törətdiyi zaman, loru dildə desək, ağlının başında olmamasına dair həkim rəyi də alırlar. Lakin əsas ananı bu vəziyyətə gətirib çıxaran əsl səbəblərin üzə çıxmasıdır: "Azərbaycan cəmiyyətində uşağa qarşı zorakılıq adət halını alıb. Məlum məsəldir; əti sənin, sümüyü mənim. Bunu valideyn uşağını məktəbə qoyanda müəllimə deyir. Yəni ki, istəyirsən, əti sümüyündən ayrılanadək döy, öldür, amma adam elə. Daha başa düşmürlər ki, döyülən uşaqdan adam olmaz, olsa-olsa bir cinayətkar, ya da uzaqbaşı gələcəkdə öz övladını döyəcək daha bir ata-ana. Bizim camaatın düşüncəsi bura qədərdir ki, uşağı döyməsən, ağıllanmaz. Azərbaycan cəmiyyətində uşağa şəxsiyyət kimi yanaşma prinsipi yoxdur. Halbuki uşaq da bir şəxsiyyətdir. Onun da mənliyi var. Uşağı döymək onun mənliyini tapdalamaqdır. Avropa ölkələrində uşaq bağçasında da, məktəbdə də uşaqlarla tez-tez psixoloji testlər keçilir. Uşaqdan döyülüb-döyülmədiyini, zorakılığa məruz qalıb-qalmadığını incə yolla, eyhamla soruşurlar. Məlum olanda ki, hansısa uşaq ata-anası tərəfindən zorakılığa məruz qalıb, o valideynləri valideynlikdən məhrum edirlər. Bizdə necədir? Evdə ata-ana döyür, məktəbdə müəllimlər. İndiyədək hansısa valideynin, yaxud müəllimin istintaqa cəlb edildiyini, uşaqlara qarşı zorakılıq etdiklərinə görə məsuliyyətə cəlb olunduqlarını görməmişik. Heç belə şikayətlər də yoxdur. Amma belə hallar hər gün baş verir. Gizli qaldığı üçün məsuliyyət də daşımırlar. Bunu məktəbdə müəllimlər ortaya çıxarmalıdır. Amma müəllimlər özləri uşağı döyür, daha necə ortaya çıxarsınlar?" O, qeyd edib ki, Azərbaycan uşaq hüquqları üzrə beynəlxalq konvensiyalara qoşulub. Lakin bu konvensiyalardan irəli gələn şərtlərə əməl edilmir.

Eyni zamanda digər diqqəti çəkən məqam odur ki, P. Kərimova 2003-cü ildə 4 aylıq oğlunu da suda boğaraq öldürüb. 9 il əvvəl cinayət məsuliyyətinə cəlb edilən Pərvanə Kərimova Gəncə Ruhi Əsəb Dispanserində müalicə olunub. Eyni zmanda o müalicəsini evdə alırmış. Ümumiyyətlə son vaxtlar ruhi xəstələr tərəfindən xüsusi amansızlıqla törədilən cinayət hadisələrinin sayı artıb. Hadisənin ruhi xəstələr tərəfindən törədilməsi cəmiyyətdə belə bir fikir formalaşdırır ki, belə xəstələrin evdə saxlanılması məqsədəuyğun deyil. Şəxs ruhi xəstədirsə, o mütləq xəstəxanada müalicə olunmalıdır. Bəziləri isə ruhi xəstənin 1 neçə ay müalicə olunduqdan sonra evə buraxılması ilə razılaşmır.

Respublikanın baş psixiatrı Gəray Gəraybəyli isə deyir ki, psixi pozğunluq hər bir normal şəxsdə ola bilər. Bu şəxslər xəstəliyin formasından, çəkisindən asılı olaraq müalicəyə cəlb olunur: "İki tip - kəskin və xronoloji ruhi xəstələr olur. Onlardan birincilərin müayinəsi 1 ay da davam edə bilər. Bundan sonra xəstə evə buraxılır, müayinə və müalicəsi isə ev şəraitində davam etdirilməlidir. Çünki cəmiyyətdən təcrid olunmadıqda, xəstə daha tez sağalır, nəinki yaxınlarından kənar qalanda. Kəskin psixozların qulağına əmredici səslər gələ bilər. Onda sayıqlama ideyaları ola bilər. Bu əlamətlər nəticəsində xəstə insan təhlükəli ola bilər. Biz istəsək də, bütün xroniki xəstələri stasionarda yerləşdirə bilmərik. O qədər stasionar yoxdur. Onlar cəmiyyətdə yaşaya bilər. Düzdür, mən onu qəbul edirəm ki, onlar aqressiv ola, cinayət törədə bilər. Ancaq bu o demək deyil ki, bu xəstədirsə, daimi xəstəxanada olmalıdır".

Baş psixiatr belə hesab edir ki, psixi xəstələrin cəmiyyət üçün təhlükəli olması Sovet təfəkkürünün formasıdır. Statistika göstərir ki, bu tip insanların törətdiyi hadisələr ümumi cinayətlərin 1 faizini təşkil edir: "Heç kim zəmanət verə bilməz, onda psixi xəstəlik olmayacaq. Avropada psixikasında pozuntu olan şəxsin saxlama müddəti 12 gündür. Əgər xəstə vəziyyətdən çıxıbsa, heç kimin ixtiyarı yoxdur onu saxlamağa. İnsanların azadlıq hüquqları var. Dəqiq deyə bilərəm ki, hər yaş üçün spesifik cinayət var. Gənclərdə xuliqanlıq, qocalarda qısqanclıq, orta yaşlı insanlarda isə morfizim ortaya çıxır".

2001-ci ildə "Psixiatriya yardımı haqqında" qəbul olunmuş qanuna görə, stasionardan çıxarma qaydalarında göstərilir ki, xəstənin öz, yaxud yaxın qohumlarının ərizəsi və həkimin rəyinə əsasən müalicə dövrü tamam olduqda, o xəstəxanadan çıxarıla bilər. Onun fikrincə, stasionar bütün ölkələrdə son tədbir kimi istifadə olunur. Hazırda respublika üzrə 9 psixiatriya xəstəxanası, 11 dispanser var. Hər bir ruhi xəstə övladı olan valideyn isə həkimlərin dediklərinə ciddi əməl etməlidir. Onu evdə saxlamaqla, həm özünü, həm də övladını təhlükəyə atmış olur. Qeyd edək ki, ruhi xəstələrin sayı barədə dəqiq məlumat yoxdur. Çünki onların bir qismi evlərdə müalicə olunur. Yəni potensial qatillərin sayı bəlli deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə