YAP Gənclər Birliyinin cənub bölgəsində zona müşavirəsi keçirilib - FOTOLAR

YAP Gənclər Birliyinin cənub bölgəsində zona müşavirəsi keçirilib - FOTOLAR

Bu gün Lənkəran şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Cənub regionu üzrə zona müşavirəsi keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, sədr müavinləri Samirə Quliyeva və Aytac Əliyeva, həmçinin, YAP Lənkəran şəhər təşkilatının Gənclər Birliyinin sədri Yalçın Əliyev iştirak edib.

Müşavirə çərçivəsində aprelin 13-də Lənkəran Dövlət Universitetinin tələbələri ilə görüş olub. Tədbiri giriş nitqi iləYeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının sədri, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov açaraq deyib ki, belə bir tədbirin Lənkəranda keçirilməsi təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. O, müşavirə çərçivəsində ilk görüşün Lənkəran Dövlət Universitetinin tələbələri ilə olmasını da əlamətdar hadisə kimi qiymətləndirib.


Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov öncə ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb. Seymur Orucov qeyd edib ki, Azərbaycanın müstəqillik dövrü tarixi baxımdan o qədər də böyük bir mərhələ olmasa da, bu zaman ərzində gənclər siyasəti sahəsində çox böyük işlər görülüb: "Bu da onu göstərir ki, gənclərə çox böyük qayğı var. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan gəncliyi təkcə ölkə daxilində deyil, həm də dünyada aparıcı beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil edir".


Çıxışına davam edən S.Orucov bildirib ki, YAP Gənclər Birliyi çoxşaxəli fəaliyyətini gənclərimizin fəallığı üzərində qurub. Tələbələrin gənclik ordusunun fəal hissəsi olduğunu bildirən S.Orucovun sözlərinə görə, partiyamızın və YAP-ın Gənclər Birliyinin fəaliyyət istiqamətlərindən birini də tələbə-gənclərlə iş təşkil edir: "Partiyamız həm sosial bazasına, həm də fəaliyyətinə görə siyasi palitranın avanqard qüvvəsidir. Yeni Azərbaycan Partiyasının gənclər siyasətində bir sıra prioritet istiqamətlər mövcuddur. Bununla bağlı üç əsas istiqaməti qeyd etmək istəyirəm: təşkilatlanma, beynəlxalq qurumlarda özünütəsdiq və cəmiyyətdə mütəxəssis qismində təmsil olunma. Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı siyasətinin uğurla davam etdirilməsi gənclərin ictimai-siyasi fəallığını da ildən-ilə artırır. Seçki prosesində gənclərin iştirakı, parlament və bələdiyyələrdə təmsil olunmaları buna misaldır. Hazırda dövlət gənclər siyasətinin bəhrəsi olan, bilik və bacarıqları ilə özünə etimad qazanmış gənc millət vəkillərimiz var. 2009-cu ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərində də xeyli sayda gənc qələbə qazandı. Bu proses göstərir ki, özünə inananların sayı yetərincədir. Azərbaycan həqiqətləri ilə bağlı dünyada ədalətsiz məqamlara rast gələndə istər internet forumlardakı aksiyalarda, istər beynəlxalq tədbirlərə qatılmaq nöqteyi-nəzərdən bütün proseslərdə gənclər çoxluq təşkil edir. Bu da cəmiyyətdə gənclərin fəallığından irəli gəlir. Elə dövlət və qeyri-hökumət strukturu yoxdur ki, orda gənclər təmsil olunmasın. Bu gün 560 min nəfərlik partiyamızın üzvlərinin 40 faizi gənclərdən ibarətdir. Bu kifayət qədər böyük bir qüvvədir. Hesab edirəm ki, Azərbaycan gənclərinin YAP-ın sıralarına qoşulmasının çox ciddi əsasları var. Bu ilk növbədə, onların Heydər Əliyev ideyalarına sadiqliyi və Prezident İlham Əliyevin siyasətini dəstəkləmələri ilə əlaqədardır. Eyni zamanda, burada YAP-ın gənclər üçün böyük imkanlar yaratması da xüsusi rol oynayır. Yəni partiyamız gənclərə öz bilik və bacarıqlarını, potensiallarını nümayiş etdirmək üçün bütün imkanlar yaradıb. Məhz bunun nəticəsidir ki, partiyamızın sıralarında yüksək intellektli gənclər birləşib".


Seymur Orucov onu da qeyd edib ki, YAP Gənclər Birliyi istər ölkə daxilində, istərsə də xaricdə təhsil alan azərbaycanlı tələbələrlə müntəzəm əlaqələr qurur, onların potensialından istifadə edilməsi üçün çeşidli tədbirlər reallaşdırır.


Gənclər qarşısında çıxış edən Lənkəran Dövlət Universitetinin rektoru Asəf İsgəndərov bu tarixin universitetin tələbələrinin yaddaşında dərin iz buraxacağını deyib. Hazırda hakim Yeni Azərbaycan Partiasının regionunun ən güclü partiyası olduğunu deyən rektor partiyanın Gənclər Birliyinin də öz fəalllığı ilə seçildiyini bildirib. Daha sonra gənclərə müraciət edən Asəf İsgəndərov: "Sizlər bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanın daha da qüdrətlənməsi istiqamətində həyata keçirilən siyasətin yerlərdə uğurla reallaşdırılması üçün üzərinizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməlisiniz".


Tədbirdə çıxış edən gənclər ölkəmizdə həyata keçirilən siyasəti dəstəklədiklərini deyiblər. Çıxışlarda gənclərin intellektual imkanlarından, yaradıcılıq qabiliyyətindən ölkə miqyasında olduğu kimi, Lənkəranda da istifadə olunduğunu bildirilib.


Qeyd edək ki, müşavirə çərçivəsində iştirakçıların asudə vaxtının səmərəli keçirilməsi, onların maraqlı istirahəti üçün bilik və idman yarışları təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə