Fövqəladə hallar naziri Kəmaləddin Heydərov daşqınların mütəmadi olduğu ərazilərə baş çəkib
Neftçala rayonunda Kür çayının sahilində yeni baza tikilir. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, FHN-nin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin rəisi Ağalar İbrahimov açıqlamasına əsasən xidmətin dibdərinləşdirmə idarəsi tərəfindən həyata keçirilən dibdərinləşdirmə işlərinin təşkili üçün Kür boyunca 3 baza qurulduğu deyib.
Dibdərinləşdirmə işlərinin əsas bazası isə Neftçala rayonunun II Qaralı kəndi ərazisində tikilir. Digər ikisi isə köməkçi bazalar olacaq.
II Qaralı kəndində 2,2 hektar ərazidə dibdərinləşdirmə işlərinin təşkili üçün ərazi ayrılıb. Qeyd edək ki, bu baza yeni yaradılmış qurumun işini təmin edəcək. Ümumilikdə burada tam infrastruktur yaradılacaq. Yataqxana, inzibati bina, anqarlar, anbarlar, təmir sexi, məişət binası və s. obyektlər tikiləcək.
Bundan başqa Sabirabad və Salyan rayonlarında 2 köməkçi baza tikilir. Bu bazalarda infrasstruktur olmayacaq, lakin bəzi yüklərin birbaşa ora daşınmasını təmin edəcək və kiçik təmir işlərini həyata keçirəcək.
Ərazidə görülən işlərlə tanış olmaq məqsədi ilə bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov Neftçala rayonuna səfər edib. Nazir jurnalistlərə açıqlamasında bildirib ki, artıq Neftçala rayonuna dibdərinləşdirən və sahilbərkidən gəmilər gətirilib. Onun sözlərinə görə, onların əsas bazası Neftçala rayonunun II Qaralar kəndində tikilir: \"Bu gəmilər dib dərinləşdirən, lil sovuran gəmilərdir. Sovrulan lil üzən kompozit borular vasitəsilə kənara daşınacaq. Hələlik 3 gəmidən biri deltaya, ikisi isə əsas bazaya gətirilib\".
Nazirin sözlərinə görə, delta uzun illərdir küləklə və digər lillərlə tutulub: \"15 metr deltanı genişləndirdik ki, bu gəmiləri gətirə bilək. Amma indi qərara aldıq ki, eni 100 metrə qədər olan süni yaranmış adacıq da açılsın, çaya girən gəmilərin hərəkəti bərpa olunsun, həm də əvvəllər bura açıq olanda, balıqlar çayda kürü tökəndə çətinlik çəkirdilər və hazırda bunun qarşısı alınıb. Artıq Kür çayının lilləri ora yığılmayacaq, birbaşa dənizə gedəcək. Bunun nəticəsində də həm diblərin dərinləşdirilməsi, həm də sahillərin bərkidilməsi nəticəsində Kürün daşmasının, qurunt sularının əhalinin evlərinə ziyan vurmasının qarşısı alınacaq və əvvəllər mövcud olmuş naviqasiya bərpa olunacaq".
Nazir həmçinin bildirib ki, bu məsələ ilə əlaqədar Hollandiyanın \"Royal Haskoning\" şirkəti başda olmaqla ölkənin daha bir şirkəti ilə əməkdaşlıq edilir.
"Onlar Kürün Mingəçevirdən deltaya qədər olan hissəsində təhlillər aparıblar. Bu təhlillərin nəticəsində bu texnikalar (gəmilər) alınıb. Mütəxəssislər burada çalışırlar və demək olar ki, bu bir daimi iş olacaq",- deyə Kəmaləddin Heydərov qeyd edib.
Eyni zamanda nazir bildirib ki, Salyan və Neftçala ərazilərində çökdürmə hovuzları olan bazalar da tikiləcək.
"Göstəriş verilib, bu gündən deltada işlər başlayıb. Hələlik deltanın girişində 15 metrə qədər təmizləmə işləri aparılıb və nəzərdə tutulub ki, 100 metr də təmizləmə işi aparılsın. Hələik 3 gəmi gətirilib, gələcəkdə ehtiyac duyularsa, yenə də gətiriləcək",- deyə K. Heydərov sözlərinə əlavə edib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB