Tikinti sektorunda çalışanların Peşə Reyestri yaradılacaq

Tikinti sektorunda çalışanların Peşə Reyestri yaradılacaq

\"Tikinti sektorunda çalışanların Peşə Reyestrinin yaradılması nəzərdə tutulur\". SİA-nın xəbərinə görə, Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov bildirib ki, bu məsələ Şəhərsalma və Tikinti Məcəlləsində öz əksini tapıb. Onun sözlərinə görə, yeni məcəllədə Peşə Reyestrinin yaradılması peşə sahiblərinin sertifiatlaşdırılması ilə əlaqədar planlaşdırılır: \"Tikinti fəaliyyəti ilə məşğul olan hər bir şəxs peşə baxımından sertifikat almalıdır. Bu sertifikatlarla bağlı bütün məlumatlar isə reyestrdə yerləşdirilməlidir. Bu peşə sahibi kimdir, ixtisası nədir, neçə illik təcrübəsi var, haralarda işləyib və digər məsələrlə bağlı məlumatlar reyestrdə saxlanılır. Gələcəkdə tikinti ilə məşğul olan şəxs həmin reyestrə müraciət edərək bu və ya digər peşə sahəsinə aid mütəxəssisləri seçə bilər. Bu məcəllənin qəbulundan sonra sertifikatlaşdırma və qurumun yaradılmasına başlanacaq\".

S.Kərimov qeyd edib ki, bu tələbin qoyulması tikintidə təhlükəsizliyin təmin olunmasına, yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə imkan verəcək. Bu, həm də tikinti sektoruna təsadüfi şəxslərin daxil olmasının qarşısını alacaq.

Onun sözlərinə görə, Şəhərsalma və Tikinti Məcəlləsində ölkədəki şəhərsalma prosesində ictimaiyyətin iştirakı da nəzərdə tutulur. "Şəhərsalma və ərazi planlaşdırılması zamanı ictimaiyyətin məlumatlandırılması, bununla əlaqədar ictimai dinləmələrin keçirilməsi, təkliflərin qəbul edilməsi və digər məsələlər nəzərdə tutulub. Bu isə şəhərsalma və ərazi planlaşdırılması prosesinin şəffaf keçirilməsinə imkan verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə