Mədət Quliyev: \"Geniş məhkum kütləsinin işlə təmin olunması zəruridir\"

Mədət Quliyev: \"Geniş məhkum kütləsinin işlə təmin olunması zəruridir\"
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev ATƏT-in Bakı ofisinin qanunun aliliyi şöbəsinin rəhbəri Monika Martinez və hüquq məsələləri üzrə köməkçi, xanım Jalə Əzizovadan ibarət nümayəndə heyətini qəbul edib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, görüşün məqsədi məhkumların məşğulluq problemlərinin həlli məqsədilə ATƏT-in Bakı ofisi tərəfindən irəli sürülən tövsiyələrin müzakirəsindən ibarət olub.

M. Quliyev cəza çəkənlərin ictimai faydalı əməyə cəlb edilmələrinin diqqət mərkəzində olduğunu, son zamanlar bu sahədə irəliləyişlərə nail olunduğunu deyib: "Lakin müsbət dəyişikliklərə baxmayaraq, daha geniş məhkum kütləsinin işlə təmin olunması zərurəti mövcuddur".

Görüş zamanı cəzaçəkmə müəssisələrində yeni istehsal sahələrinin təşkil olunması, məhkumların peşə təhsili ilə bağlı bir sıra problemlərin həllinə dair suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb. Yekun olaraq məsələ ilə əlaqədar ATƏT-in Bakı ofisinin nümayəndələrindən və Penitensiar Xidmətin əməkdaşlarından ibarət işçi qrupunun yaradılması qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə