Azərbaycan və San Marino arasında turizm əlaqələri genişlənir

Azərbaycan və San Marino arasında turizm əlaqələri genişlənir
"AİTF-2012" XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində iştirak etmək məqsədilə ölkəmizə gələn San Marino Respublikasının turizm, idman, iqtisadi planlaşdırma və ictimai xidmətlər naziri Fabio Berardi aprelin 12-də Mədəniyyət və Turizm Nazirliyində olub. SİA-nın verdiyi məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edib.

Həmkarının ölkəmizə səfərini yüksək qiymətləndirən Ə.Qarayev bildirib ki, Azərbaycan San Marino Respublikası ilə əlaqələrin genişlənməsində maraqlıdır. O, Azərbaycanda turizmin bugünkü inkişaf səviyyəsi, həmçinin Avropa ölkələri ilə bu sahədə əməkdaşlığa dair geniş məlumat verilib. Əbülfəs Qarayev qonağın diqqətinə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev digər sahələrlə yanaşı, turizmin inkişafına da xüsusi önəm verir. Ölkəmizdə turizm infrastrukturunun genişləndirilməsi istiqamətində böyük işlər həyata keçirilir.

Nazir Ə.Qarayev "2010-2014-cü illərdə Azərbaycan Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı" haqqında da həmkarına məlumat verib. Aprelin 13-dən etibarən İtaliyanın paytaxtı Romada və digər şəhərlərində Azərbaycan Mədəniyyəti Günlərinin başlayacağını söyləyən nazir həmkarının və San Marinodan nümayəndələrin bu tədbirlərdə iştirak edərək ölkəmizin mədəniyyəti ilə daha yaxından tanış olmalarını arzulayıb.

Ə.Qarayev San Marino Respublikasının Hökuməti və Azərbaycan Respublikasının Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişi müvafiq sahədə əlaqələrin inkişafı baxımından yüksək qiymətləndirib.

San Marino Respublikasının turizm, idman, iqtisadi planlaşdırma və ictimai xidmətlər naziri Fabio Berardi ölkəmizə səfərin onda xoş təəssürat yaratdığını qeyd etmişdir. Nazir turizm sahəsində əlaqələrin hər iki ölkə üçün əhəmiyyətini vurğulayıb.

Görüşdə turizm sahəsində ikitərəfli əməkdaşlıq, turizm agentlikləri üzrə qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər ətrafında işgüzar fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə