Nazir müavini: “Gənc alimlərin yaşını 40-dək qaldırmaq mümkündür” - MÖVQE

Nazir müavini: “Gənc alimlərin yaşını 40-dək qaldırmaq mümkündür” - MÖVQE

Gənclər və İdman Nazirliyi tərəfindən ölkədə gənc alimlərin yaşının 40-a çatdırılmasını təklif olunub. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

O bildirib ki, alimlərin yaşının artırılması məsələsi Azərbaycanda gənclər siyasəti ilə bağlı qanunvericilik bazasının monitorinqindən sonra Milli Məclisdə hazırlanacaq təkliflər paketində əksini tapacaq. Nazir müavinin sözlərinə görə, nazirlik tərəfindən "Gənclər siyasəti" haqqında qanunun preambula hissəsində ayrıca digər anlayışlarla yanaşı, "gənc alim" anlayışının da yazılması təklif edilib.

"Düşünürük ki, gənc alimlərin yaşını 40-dək qaldırmaq mümkündür. Hər halda, son sözü parlament deyəcək. Elm spesifik sahədir və Azərbaycanda gənc 29 yaşadək olan şəxslər nəzərdə tutulur. Amma elm sahəsində 40 yaş özlüyündə gənclik dövrüdür. Çünki elm ağır və məsuliyyətli sahədir. Bu qərar gənc alimlərin inkişafına dəstək, problemlərinin həllinə kömək göstərəcək", - deyə o əlavə edib.

İ.Babayev Azərbaycanda gənclər siyasəti ilə bağlı qanunvericilik bazasının monitorinqinə başlanıldığını deyib. Onun sözlərinə görə, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının ilk bəndi məhz mövcud olan normativ hüquqi bazanın gənclərin maraqları baxımından monitorinq edilməsi, təkmilləşdirilməsi və təkliflər paketinin hazırlanması ilə bağlıdır.

"Hazırda gənclərlə bağlı bir neçə dövlət sənədinin təhlili aparılır. Bu sənədlər "Gənclər siyasəti" haqqında qanun, Məşğulluq Strategiyası, Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı və digər qanunlardır. Bununla əlaqədar BMT-nin İnkişaf Proqramı və YUNİSEF-lə birgə işçi qrup yaradılıb. Bu ilin sonunadək təkliflər paketi Azərbaycan Milli Məclisinə təqdim ediləcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə