Elmira Süleymanova DİN-in Polis Akademiyasında görüş keçirib

Elmira Süleymanova DİN-in Polis Akademiyasında görüş keçirib

Ombudsman Elmira Süleymanova Daxili İşlər Nazirliyinin Polis Akademiyasının professor-müəllim heyəti, müdavimlərlə görüşüb və seminar keçirib. SİA-nın xəbərinə görə, E.Süleymanova insan hüquqları, kriminalistika, daxili işlər orqanlarında idarəetmənin təşkili, əməliyyat-axtarış fəaliyyəti, linqafon və digər kabinetlərə baxış keçirib, bu kabinetlərin müasir avadanlıqla təchiz edildiyinin şahidi olub. Müvəkkil Akademiya kitabxanasının fonduna, həmçinin burada nümayiş etdirilən, Ombudsman təsisatı ilə birgə hazırlanmış hüquqi vəsaitlərə baxmış, Milli Fəaliyyət Proqramının nüsxələrini, Aparatın yeni hüquqi nəşrlərini kitabxanaya təqdim edib.

Polis Akademiyasının rəisi, general-mayor Nazim Əliyev bu tədbirin məqsəd və məramını açıqlayıb, Akademiyanın fəaliyyəti barədə məlumat verib, Müvəkkilin insan hüquqları sahəsində fəaliyyətini yüksək qiymətləndirib, bu təsisatla sıx əməkdaşlığın qurulduğunu və bu səmərəli əlaqələrin davamlı olacağını vurğulayıb. Ombudsman daxili işlər orqanları əməkdaşlarının, o cümlədən Daxili Qoşunların əsgər və zabitlərinin də Azərbaycanın ərazi bütövlüyünün qorunması naminə erməni işğalçılarına qarşı mübarizədə döyüşdüyünü, onlardan 932 nəfərin şəhid olduğunu, 66 nəfərin Milli Qəhrəman adına layiq görüldüyünü, bir çoxunun yüksək dövlət mükafatları ilə təltif olunduğunu diqqətə çatdırıb, bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

E.Süleymanova bəzi problemləri və çatışmazlıqları da qeyd edib, insan hüquqları sahəsində vəzifələrin birgə səylərlə, həm də polis orqanları ilə birgə əməkdaşlıqda uğurla həyata keçiriləcəyini, şəbəkə şəklində fəaliyyətin zəruriliyini vurğulayıb. Ombudsman görüşdə bir sıra təkliflər səsləndirib. İnsan hüquqları sahəsində birgə maarifləndirmə tədbirlərinin təşkili və hüquqi nəşrlərin hazırlanması, müvafiq qanunvericiliyin öyrənilməsi və birgə təkliflərin verilməsi, insan hüquqları mövzusunda teleproqramların təşkili və bu verilişlərdə birgə iştirak, hüquq-mühafizə orqanlarının əməkdaşları üçün müntəzəm maarifləndirmə tədbirlərinin aparılması, bölgələrdə polis əməkdaşlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, icmaları da cəlb etməklə uşaq və qadınlara qarşı zorakılıq əleyhinə profilaktik tədbirlərin təşkili, AİDS, narkomaniya və insan alverinə qarşı mübarizənin daha da gücləndirilməsi və digər təkliflər bu qəbildəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə