“Narkotiklərə YOX deyək!” adlı kampaniya başladı

“Narkotiklərə YOX deyək!” adlı kampaniya başladı

Səhiyyə və Təhsil nazirlikləri "Narkotiklərə YOX deyək!" adlı birgə kampaniyaya başlayıb. SİA-nın xəbərinə görə, bu məqsədlə Zərifə Əliyev adına məktəbdə təhsil nazirinin müavini Qulu Novruzov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyevin iştirakı ilə tədbir keçirilib.


Qulu Novruzov bildirib ki, tədbirin keçirilməsində məqsəd şagirdlərə narkotik maddələrin ziyanlı tərəfləri, sonrakı baş verə biləcək fəsadları barədə məlumatların verilməsi, maarifləndirmə tədbirlərinin aparılmasıdır. Onun sözlərinə görə, bu kampaniyanın ilin sonuna kimi respublikanın bütün orta və ümumtəhsil məktəblərində keçirilməsi nəzərdə tutulur: "Respublikada narkomaniyanın qarşısının alınması istiqamətində mühüm işlər həyata keçirilir. 2007-2012-ci illəri əhatə edən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram"ı çərçivəsində də yeni yollar axtarılır, priventiv tədbirlər görülür".

Nazir müavini ölkədə məktəbdənkənar təhsilin böyük şəbəkəsinin fəaliyyət göstərdiyini deyib. O vurğulayıb ki, gənclər, məktəblilər dərsdən sonra idman, musiqi və bu kimi məktəbdənkənar fəaliyyətlə məşğul olsa, onlar pis vərdişlərə yönəlməz. Məktəbdənkənar müəssisələr sağlam, yetkin və zəngin biliklərə malik gənclərin yetişməsində mühüm rol oynaya bilər.


Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə qeyd edib ki, bu gün narkomaniya bütün dünya ölkələri üçün çox vacib problemdir. Onun sözlərinə görə, narkomaniya bu gün səhiyyə üçün böyük bəlaya çevrilmiş xərçəng xəstəliyindən də pisdir: "Xərçəng Allahın insana verdiyi xəstəlikdirsə, narkomaniya insanların şüurlu şəkildə sonradan düçar olduqları bəladır. Hazırda narkomaniya ilə mübarizəyə həsr olunan dövlət proqramı cari ilin sonunda bitəcək. İnanırıq ki, növbəti illər üçün də yeni proqram qəbul olunacaq. Xüsusilə, narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş şəxslər arasında gənclərin sayının artması narahatçılıq doğurmaya bilməz. Həmin cinayətlərə görə, 2011-ci ildə müəyyən olunmuş 2341 nəfərdən 561-ni (24%-i) gənclər təşkil edir. Narkomaniya ilə mübarizədə ən effektiv vasitələrdən biri maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ümumi kompleksinin vacib elementi kimi qiymətləndirilir".


Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev isə bildirib ki, narkotiklərin qeyri-qanuni dövriyyəsi və istifadə miqyasının genişlənməsi əhalinin sağlamlığına, millətin genefonduna, sosial-siyasi və iqtisadi stabilliyə, dövlətin təhlükəsizliyinə və ictimai asayişə ciddi təhlükə yaradan amilə çevrilir. Onun sözlərinə görə, gənclər arasında narkoman və toksikomanların sayının sürətlə artması, narkotiklərə aludə olanların orta yaş həddinin aşağı düşməsi və narkomaniya ilə əlaqədar cinayətlərin sayının artması əksər dövlətlərdə olduğu kimi ölkəmizdə də narahatçılıq doğurur, mövcud problemin həlli üçün yollar araşdırılır, müxtəlif təkliflər irəli sürülür".


Tədbirin davamında qonaqlar məktəbliləri maraqlandıran sualları cavablandırıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə